Məlum olduğu kimi, yeni mövsümdən İkinci Divizion start götürəcək.

 Azərbaycan futbolunda üçüncü dərəcəli klub turnirində 12 komanda iştirak edəcək. Fəqət sözügedən turnirdə çıxış edəcək komandaların qarşısında ciddi maneə var.

Belə ki, İkinci Divizionda mübarizə aparacaq klubların heyətində legionerlər çıxış edə bilməzlər. Turnirdə yarışacaq komandaların elita təmsilçiləri ilə birgə Azərbaycan Kubokunda da mübarizə aparacağını nəzərə alsaq, bu, həmin klubların işini xeyli çətinə salacaq.

Bəs bu məsələ barədə yeni qərar qəbul olunması, legioner qadağasının ləğv edilməsi gündəmdədir?

Mövzu ilə bağlı Peşəkar Futbol Liqasının (PFL) texniki-idman direktoru Elgiz Abbasova müraciət etdik. Qurum rəsmisi Offsideplus.az-a açıqlamasında bu məsələnin gündəmdə olmadığını bildirdi:

"Yeni yaradılmış II Liqada ancaq azərbaycanlı futbolçuların çıxışa icazə veriləcək, legionerlərin cəlb olunması müzakirə edilmir. Hazırda bütün məqamlar nəzərə alınaraq II Liqada legioner oyunçuların çıxışı münasib bilinmədi. II Divizionla bağlı digər məqamlar müzakirə mərhələsində olduğu üçün yaxın gələcəkdə detallar ilə bağlı danışa bilərik".

Daşqın Əziz