Misli Premyer Liqasında 2022/2023 mövsümünün bitiminə bir tur qalıb.

 Fəqət hələ də elitanı tərk edəcək klubun adına aydınlıq gəlməyib. Buna isə sonuncu - 36-cı turda şahidlik edəcəyik. Belə ki, çempionatda qalmaq uğrunda mücadilə edən "Səbail" eyni durumda olan "Şamaxı" ilə "son döyüş"ə çıxacaq. Hazırda "dənizçilər" cəmi 1 xal üstünlüklə ("Səbail" - 26, "Şamaxı" - 25) "şirlər"i qabaqlayır.

Bakı təmsilçisinin kapitanı Adil Nağıyev Offsideplus.az-a açıqlamasında bu qarşılaşmanı finala bərabər oyun adlandırıb:

"Bu, finala bərabər oyun olacaq. Hər iki komanda elitada qalmaq üçün son oyununa çıxacaq. "Şamaxı" çox yaxşı komandadır. Gənc və yerli futbolçulardan yığılmış heyəti var, istəklidirlər. Bizim də həm yerli, həm də legionerlər olmaqla yaxşı komandamız var. O cümlədən doğma meydanda oynayacağıq. Bu görüşdə əlimizdən gələni edib, elitada qalmağa çalışacağıq".

Bildirək ki, mayın 27-də keçiriləcək "Səbail" - "Şamaxı" matçının start fiti saat 20:00-da veriləcək.

Daşqın Əziz