Bu həftəsonu Misli Premyer Liqasında 35-ci tura start veriləcək.

 Marafonun bitməsinə iki tur qalmasına baxmayaraq, hələ də elitanı tərk edəcək klub müəyyənləşməyib.

Hazırda son pillədə qərarlaşan "Şamaxı" bu turda "Qəbələ"ni qonaq edəcək. Premyer Liqada qalmaq üçün "şirlər"ə bu matçda mütləq xal və ya xallar lazımdır.

Şamaxı təmsilçisinin mərkəz yarımmüdafiəçisi Əli Səmədov Offsideplus.az-a açıqlamasında bu görüşə ciddi hazırlaşdıqlarını və müqəddəratlarının öz əllərində olduğunu bildirib:

"Matça çox ciddi şəkildə hazırlaşırıq. "Qəbələ" ilə oyunda əlimizdən gələni edib, qələbə qazanmalıyıq. Ən azından bir xal üçün vuruşacağıq. Təbii ki, bizim üçün ən yaxşı variant qələbədir. Əlbəttə, "Səbail"in də məğlub olmasını gözləyəcəyik, lakin taleyimiz öz əlimizdədir. Bütün diqqətimizi öz oyunumuza yönəltmişik. Çəkdiyimiz əziyyətin bəhrəsini son iki turda görmək istəyirik və bunun üçün əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq".

Qeyd edək ki, mayın 22-də keçiriləcək "Şamaxı" - "Qəbələ" matçı saat 16:30-da başlayacaq. 

Onu da bildirək ki, həmin gün, eyni saatda "Səbail" səfərdə "Turan Tovuz"la qarşılaşacaq.

Daşqın Əziz