Misli Premyer Liqasında 34-cü tura start verilib.

 "Sumqayıt" klubu bu turun son oyun günündə evdə "Sabah"la qarşılaşacaq. Bu görüşdə qazanılacaq hər xal "kimyaçılar"a hava-su kimi vacibdir. "Sabah"la oyunda qələbəni bayram edəcəyi təqdirdə, "Gənclik şəhəri" təmsilçisi, 31 xalla "Kəpəz"i qabaqlayaraq 7-ci pilləyə yüksələcək.

"Sumqayıt"ın mərkəz yarımmüdafiəçisi Səbuhi Abdullazadə Offsideplus.az-a açıqlamasında "bayquşlar"la matçda meydana qələbə qazanmaq üçün çıxacaqlarını bildirib:

"Ötən turda "Səbail"ə 1:3 hesabı ilə uduzduq. Hesabda öncə olduğumuz matçda sonda məğlubiyyətə üzüldük. Bu, bizə çox pis təsir etdi. Lakin hazırda komandamızda ab-hava yaxşıdır. "Sabah"la oyunda meydana qələbə qazanmaq üçün çıxacağıq".

Xatırladaq ki, mayın 17-cə keçiriləcək "Sumqayıt" - "Sabah" görüşü saat 19:30-da start götürəcək.

Daşqın Əziz