Misli Premyer Liqasında 33-cü tura start verilib.

 "Turan Tovuz" bu tur çərçivəsində yerli publika önündə "Neftçi"ni sınağa çəkəcək. Azərbaycan Kubokunun yarımfinalında "ağ-qaralar"a uduzaraq mübarizəni dayandıran qərb təmsilçisi bu dəfə ölkə çempionatında paytaxt klubu ilə münasibətlərə aydınlıq gətirəcək.

"Turan Tovuz"un kapitanı Şəhriyar Əliyev Offsideplus.az-a açıqlamasında matçla bağlı gözləntilərini bölüşüb. 30 yaşlı müdafiəçi "Neftçi" ilə oyuna revanş hissi ilə hazırlaşmadıqlarını, qələbə qazanaraq azarkeşlərini sevindirmək istədiklərini bildirib:

"Bizi çətin oyun gözləyir. "Neftçi" hər zaman güclü rəqibdir. Qarşılaşmaya yüksək ab-havada hazırlaşırıq. Düzünü desəm, bu matça revanş almaq hissi ilə yanaşmırıq. Bu, özümüzə də ziyandır. Sadəcə, yaxşı oyun göstərmək və qələbə qazanaraq azarkeşlərimizi sevindirmək istəyirik".

Mayın 7-də Tovuz şəhər stadionunda keçiriləcək oyunun start fiti saat 15:00-da veriləcək.

Daşqın Əziz