"Turan Tovuz" klubunun baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın 31-ci turu çərçivəsində "Sabah"a qarşı keçirdikləri oyunu şərh edib.

Offsideplus.az xəbər verir ki, o, 0:2 hesabı ilə məğlub olduqları oyundan sonra keçirilən mətbuat konfransında bunları deyib:

“Azarkeşlərimiz bu gün möhtəşəm idilər. Ağır oyun oldu. Ağır qrafikdəyik. Hər oyun zədəlilərin sayının artması bizi narahat edir. Bu gün də Tərlan Əhmədlinin zədələnməsi çox pis təsir etdi. İki cəbhədə vuruşmalıyıq. Oyun pis alınmadı. Amma rəqibin ustalığı öz sözünü dedi. Əllərinə düşən epizodları qola çevirdilər. Bizim də epizodlarımız oldu, sadəcə, sonluq alınmadı. Sıx qrafikdə rotasiyaların olması normaldır. Kubokda şansımız var. Bilirik çox çətin olacaq. Cavab görüşünə tam gümrah getmək istəyirik. Buna görə rotasiyalar etdik".