“Neftçi” klubunun baş məşqçisi Laurentsiu Regekampf Misli Premyer Liqasının 30-cu turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.

Offsideplus.az xəbər verir ki, rumıniyalı mütəxəssis 1:2 hesabıyla uduzduqları matçdan sonra keçirilən mətbuat konfransında bunları söyləyib:

“Oyuna pis başladıq. Topa sahib ola bilmirdik, sürətli oynamırdıq. Oyundan öncə danışmışdıq ki, rəqib pressinq edəcək. Yaxşı ötürmələr etməliydik. Bununal da yolumuzu açmalıydıq. Bəxtimiz gətirmədi. İlk buraxdığımız qolu şərh etmək istəmirəm. İkinci qolda isə hakim elə görübsə, deməli, penalti idi. Ondan sonra dönüş yaratmağa çalışdıq. Yaxşı epizodlarımız oldu. Düşünürəm ki, 2 qol buraxmaq gənc oyunçular üçün də çətin oldu. Fasilədən sonra dərhal 3 dəyişiklik etmək qərarına gəldim. Gənc oyunçulara daha çox şans vermək istəyirdim. Məncə, onlar yaxşı çıxış etdi. Bəzi qol şanslarından yararlana bilmədik. Heç-heçə olsaydı, sevinə bilərdik. Bir neçə gündən sonra kubok oyunu var. Çox vacib qarşılaşmadır. Bilirəm ki, bütün futbolçularım ona hazır olacaqlar. Futbol üçün yaxşı atmosfer ola bilər. Kifayət qədər təcrübəli oyunçularımız var. Pozitiv düşünməliyik.

Bütün futbolçularım bu oyuna köklənmişdi. “Qəbələ” ilə oyun bizim üçün vacib idi. Düşünmürəm ki, hansısa oyunçular və ya biz növbəti oyunu düşünürdük. Oyundan qabaq Azər Əliyev zədələndi. İsmayıl və Ömər bu gün meydançada olmağa layiq idilər. Fərid də bundan əvvəlki oyundan çox yaxşı idi. Onlar öyrənməli və oynamalıdırlar. Onların hansı səhvləri edə biləcəklərini bilirik. Oynamasalar, necə inkişaf edərlər? Eddi İsrafilov uzunmüddətli zədədən sonra sıraya qayıdıb. Plana görə, onu 30 dəqiqə oynatmalı idik, lakin gedişatda bu, dəyişdi. Düşünürəm ki, komandamda yaxşı keyfiyyətlər var. Məğlubiyyət bizim üçün soyuq duş oldu. Futbolçularıma inanıram.

Bizim üçün çox pis gecə oldu. Futbolçular robot deyil. Onlarda da uğursuzluq ola bilər. Oyunu analiz etsək, çox şey görə bilərik. Bu ay bizim üçün vacibdir. Əlbəttə, səhvlərə baxacağıq, növbəti oyun üçün yaxşı hazırlaşacağıq. Düşünürdük ki, bu gün 3 xal qazanaq. Bizim günümüz olmadı. Növbəti oyunlara baxmalıyıq.

Kubok oyunundan öncə təzyiqin olması normaldır. Rəqibdən asılı olmayaraq, bu, normaldır. Buna öyrəşmişik. Dərk edirik ki, “Neftçi” hansı anlamı verir. Azarkeşlər istəyir ki, biz hər zaman yaxşı oynayaq və xallar qazanaq. Əlimizdən gələnin ən yaxşısını etməliyik. Oyundan-oyuna irəliləməliyik. Bu gündən kubokun finalını yox, qarşımızdakı oyunu düşünməliyik. Əlimizdə olan proqrama əsasən hərəkət edəcəyik. Çalışacağıq ki, səfərdən qələbə ilə qayıdaq.

Höccət Haqverdi bundan əvvəlki oyunda yaxşı çıxış etməmişdi. Onunla danışmamışdım. O, peşəkar və ağıllı oyunçudur. Mənim üçüm çox vacib oyunçudur. Mən baş məşqçiyəm və futbolçularımla eyni cür davranmağa çalışmalıyam. Bütün futbolçularım peşəkardır. Hər oyundan nəticə çıxarmalıyıq”.