Bu gün Azərbaycan 1-ci Divizionunda 24-cü tura start verilib.

Baş tutan oyunlardan sonra Premyer Liqaya vəsiqəni təmin edən komanda müəyyənləşib.

Belə ki, hazırda turnir cədvəlində birinci olan "Araz Naxçıvan" növbəti mövsümdən elitada çıxış etmək hüququna yiyələnib. Səfərdə “Qəbələ”yə 0:3 hesabı ilə məğlub olan MOİK-in liderə çatmaq şansı qalmayıb. Aktivində 54 xal olan “Araz Naxçıvan” sona 5 tur qalmış əvəzediciləri - "Neftçi-2" və "Qəbələ-2"ni çıxmaq şərtilə ən yaxın izləyicisi olan MOİK-i 16 xal qabaqlayır.

Əgər lisenziyalaşdırma tələblərinə cavab versə, “Araz Naxçıvan” növbəti mövsüm Premyer Liqada çıxış edəcək.

Naxçıvanlıların baş məşqçisi Azər Bağırov Offsideplus.az-a açıqlamasında bütün lisenziyalaşdırma şərtlərini yerinə yetirdiklərini bildirib:

"Araz Naxçıvan" bütün lisenziyalaşdırma şərtlərini yerinə yetirib. Hazırda əsas problemimiz stadion və işıqlandırma sistemi ilə bağlıdır. Bu mövzuda mütəmadi olaraq AFFA və PFL-lə əlaqədəyik. Buna inanır və ümid edirik ki, komandamız növbəti mövsüm elitada çıxış edəcək və öz sözünü deyəcək. Ümumilikdə, bütün bu məsələlərlə bağlı həftəsonu və ya gələn həftənin əvvəlində mətbuata geniş məlumat veriləcək".

Daşqın Əziz