"Kəpəz" klubunun baş məşqçisi Tərlan Əhmədov Misli Premyer Liqasının 29-cu turunun "Qarabağ"la görüşündən sonra mətbuat konfransına qatılıb.

Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssis komandasının 1:3 hesablı məğlubiyyətini şərh edib.

- Uğurlu çıxışımızın davamını gətirmək istəyirdik. Bilirdik ki, qarşımızdakı rəqib hansı səviyyəyə malikdir. Buna rəğmən öz oyunumuzu diqtə etməyə çalışırdıq. Heç olmasa bir xal almaq istəyirdik. Komanda hardasa "Qarabağ"ın adına görə ehtiyatlanırdı. İntizamlı və səhvsiz oynamağa çalışırdıq. Bəlkə də penalti olmasaydı, oyun fərqli olardı. Sınma nöqtəsi penalti oldu. Ondan sonra xətalara ardıcıllıqla gəldi. Amma ümumilikdə komandanın mübarizliyi, döyüşkənliyi, "Qarabağ"dan çəkinməyərək oynaması və rəqibimiz kimi müdafiədən hücuma topla çıxmağımız məni sevindirdi. Qarşıdakı oyunlara daha çox diqqət yetirməliyik. Məqsədimiz Premyer Liqada qalmaqdır. Bizi çox ağır üç oyun gözləyir. Hamısı da bizim rəqiblərimizdir.

- "Neftçi"yə qarşı oyunla bugünkü oyun arasında hansı fərq oldu?

- Ola bilər ki, penalti veriləndə, sınmaq nöqtəsi oldu. Ona qədər komandamız əzmkarlıq göstərirdi. Komanda nəyəsə nail olmağa çalışırdı. "Qarabağ" dəyişiklik edəndə, meydana çıxan futbolçular oyunun axarını dəyişəcək gücə malikdirlər. Artıq geridə qaldı. Təki "Qarabağ"a uduzaq. Öz rəqiblərimizi məğlub edək.

- Penalti epizodu haqda nə düşünürsüz?

- Təmiz penalti idi. Hakimə irad tutulası məqam deyildi. Belə oyunlarda çox diqqətli olmaq lazımdır. "Qarabağ" rəqibi səhv etməyə məcbur qoyur. Özləri də səhvləri heç vaxt bağışlamır. "Neftçi" ilə tam fərqli heyətlə çıxmışdıq. Mate Kvirkviya və Fərid Nəbiyevin üç sarı vərəqəsi olduğundan onları qorumağa çalışırdıq. "Neftçi" ilə matçda da Mate ehtiyatdaydı, komanda normal oynadı. "Qarabağ" liderdir, xal ehtiyatı çoxdur. Komanda elə səviyyədədir ki, istədiyi komanda ilə oyunda matçı dəyişəcək gücdədir. Penaltidən əvvəl daha diqqətli olsaydıq, bəlkə də oyun fərqli məcrada keçərdi.

- Mətbuatda Azərbaycan millisinə baş məşqçi təyin olunacağınızla bağlı məlumatlar dərc olunur. Təklif olarsa, hansı cavabı verərsiz?

- Azərbaycan millisində işləmək şərəfdir. Ağır günlərində də millinin şərəfini qorumuşuq. İstəmişik ki, Azərbaycan futbolu dünyada tanınsın. O dövrə qayıtmayaq. Məşqçi kimi etimad göstərilsə, vətəndaş olaraq, çalışacam əlimdən gələni edim. Kim mənim adımı milli ilə hallandırır, sağ olsun. Millidə son illərdə yerli mütəxəssis çalışmalıdır. Çünki "Qarabağ"dan başqa klublarımızın səviyyəsi yüksək deyil. Konfrans Liqasında da görünür ki, ikinci mərhələdə dayanırıq. Bir neçə komandamız avrokuboklarda uğurlu çıxış etsə, sonra millimizin uğursuz çıxışı olarsa, adlı-sanlı məşqçi gətirmək mümkündür. Amma bizim klublarımız hələ o səviyyəyə çatmayıb. Mənə də etimad göstərilərsə, şərəf olardı millidə işləmək.