“Turan Tovuz” klubunun baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 29-cu turunda “Şamaxı”ya qarşı keçirdikləri oyunu şərh edib.

Offsideplus.az xəbər verir ki, o, 1:1 hesabıyla bitən matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Məni istefaya səsləyən azarkeşlər oyundan narazı qala bilərlər, haqlıdırlar. Amma bizim məqsədlərimiz var idi. Mövsümün əvvəlindən deyirdik ki, səbrli olmalıyıq. Bilmirəm, yəqin bizi üçlükdə görmək istəyirlər. Bir ayın içində komanda qurduq. Bəlkə kənardan asan görünür. Amma bizim üçün çox çətin oldu. Doqquz ildən sonra Premyer Liqaya qayıdan komandaya futbolçu gətirmək çətin idi. Şükür olsun ki, bu problemi aşmışıq. Bu gün son pillələrdə olan dörd komandadan bir az rahatıq. Ötən il avrokuboklarda oynayan komandaya gəlməmişəm. Bunu anlamalıyıq. Problem yoxdur. Dar gündə kömək etməyə gəlmişik. Üç-dörd nəfər ətrafına uşaqları toplayıb "istefa" qışqırdırlar. Mən bunu yaraşdırmıram. Qarşıda kubok oyunları var. Çempionatda yerimizi qorumaq istəyirik. Belə şeylərə görə mənə ağır gəldi. İstəməsələr, gedərəm. Keçmiş komandalarımda heç vaxt problem yaratmamışam. Get desələr, gedəcəm. Mən demişdim ki, Premyer Liqada qalacağıq. Bu gün bizdə Konfrans Liqasına getməyi çox asan bir iş kimi görürlər.

Klub daxilində heç bir problem yoxdur, rəhbərlik buradadır. Məni sakitləşdirdilər, komandaya təsəlli verdilər. Bütün gün Tovuzdyıq. Gəlib iradlarını bildirsinlər, nədən narazı olduqlarını desinlər. Düzdür, evdə "Şamaxı"nı udmalıydıq. Amma onların "Qarabağ"la, "Neftçi" ilə matçlarına baxın. Çempionatımız çətindir. "Səbail" dünən "Sabah"ı məğlub etdi. Azarkeş də inkişaf etməlidir. Tez-tez məşqçi dəyişib uğur qazanan komandalar var? Mən görməmişəm. Oyun üslubumuza uyğun futbolçular gətiririk. Bahalı heyətimiz olanda tələb də başqa olacaq. O zaman mən də belə danışmaram. Deyirik ki, bölgələrdə inkişaf olsun. Amma orada istefa, burada istefa... Bunun axırı necə olacaq?