"Səbail" klubu Misli Premyer Liqasının 29-cu turunda doğma meydanda "Sabah"ı 2:1 hesabı ilə məğlub edib.

Offsideplus.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında "dənizçilər"in baş məşqçisi Şahin Diniyev jurnalistlərin suallarını cavablandırıb:

- Çox gərgin oyun idi. Matç yüksək tempdə keçdi. Hər iki komandanın qarşılıqlı hücumlarını izlədik. "Sabah" yüksək səviyyəli futbol oynayan komandalardan biridir. Onların sisteminə qarşı oynamaq çox çətindir. Bu gün komandam 90 dəqiqəni yüksək səviyyədə keçirdi. Sevinirəm ki, "Sabah" kimi rəqibi udmuşuq. Arxayınlaşmaq olmaz. Bu 3 xal bizə hava və su kimi lazımdır. Bu gün hücumçusuz oynayırdıq. Futbolçular taktiki cəhətdən savadlı oynadılar. Bir oyunla hər şey bitmir. Son tura qədər vuruşmalıyıq.

- Ötən dövrədə "Zirə"ni, bu dəfə isə "Sabah"ı məğlub etdiniz. Komanda sanki güclü rəqiblərə qarşı daha yaxşı oynayır...

- Komanda saman çöpündən asılı vəziyyətdə toparlana bilirsə, bu, xarakterdir. Bugünkü oyunun 60 faizini digər rəqiblərlə matçlarda göstərə bilsəydik, rahat qələbələr qazana bilərdik. Mənim kimi təcrübəli bir insan bu vəziyyətdə sıxılır. Futbolçular necə sıxılmasınlar? Bir qol vururuq, sonra penalti edirik. Bu gün qapımıza 10-cu penalti təyin olundu. Hər şey komandanı sıxır. Futbolçuları psixoloji təzyiqdən çıxarmaq çox çətindir. Onları başa düşürəm. Bu gün rəqib imkan vermirdi, amma biz oynayırdıq. Bəlkə də belə güclü rəqiblər lazımdır ki, irəli atılaq.

- İlkin Muradovu sağ cinah müdafiəçisi mövqeyində oynatdınız. Növbəti matçlarda da həmin mövqedə olacaq?

- "Zirə" ilə matçda yüz faiz oynatmayacağam. Çünki, aramızda olan razılığa görə, onlarda görüşdə oynaya bilməz. Bu gün Cabir Əmirli zədəli olduğu üçün məcburiyyətdən cinahda oynatdım. İlkini müdafiəçi kimi görmürəm.