"Azarkeşlərimizi təbrik edirəm. Bu gün xüsusi gündür, avrokuboklara vəsiqəni təmin etdik, medalları da həmçinin. Amma medalların meyarını bilmirik, qarşıda oyunlar var. Tarixi gün oldu. İnanıram ki, "Sabah"ın tarixinə bu cür anları yenə yazacağıq. Dayanmaq lazım deyil. Daha da irəli getmək lazımdır".

Offsideplus.az xəbər verir ki, bu sözləri "Sabah" klubunun baş məşqçisi Murad Musayev Misli Premyer Liqasının 28-ci turunda bu gün "Qəbələ" ilə keçirilən ev oyunundan sonra mətbuat konfransında deyib.

O, 3:2 hesablı qələbəni belə şərh edib: "Rəqibin qolu bizə mənfi təsir etdi. İkinci yarıda dəyişikliklər etdik. Oyuna sonradan daxil olanların qələbə payı çoxdur. Xarakter göstərərək qələbə qazandıq. İkinci yarıda hər iki tərəf hücumlar etdi. "Qəbələ" yaxşı futbol oynayır. Onlara uğurlar arzulayıram".

Rusiyalı mütəxəssis baş hakim iftar vaxtı olduğu üçün oyunu dayandıranda etiraz etməsinə də aydınlıq gətirib: "Mən hörmətlə yanaşıram və bilirəm ki, İslam dinində bəziləri orucu erkən, bəziləri ondan gec açır. Rəqibin 9 nömrəli futbolçusu pauza verdi və orucunu açdı, su içdi, nəsə yedi. Qısa müddət keçməmiş bütün oyunçular getdilər oruc açmağa, su içməyə. Mən ona etiraz edirdim ki, bir pauza verək, orucunu açsınlar, daha sonra davam etsinlər".

M.Musayev millimizin məşqçisi Arif Əsədovun yığma üzvlərinin fiziki durumunun qaydasında olmadığı fikrinə münasibət bildirib: "Aleksey İsayev İsveçlə görüşdə meydanda oldu. Onun oyununu əla qiymətləndirərdim. Bəxtiyar Avstriya ilə oyunda pis çıxış etdi, çünki pis formada idi. Bu da məlum idi. Əlindən zədə almışdı. Millidəki qalan digər oyunçularımız əla formadadır. "Qarabağ"ın millidə olan oyunçuları da çox yaxşı formadadır. Avrokuboklarda da baxırıq, yaxşı çıxış edirlər. Keçmiş komandam, "Krasnodar"la "Sabah"ın göstəricilərinə baxdıqda, heç də geri qalmırıq. Hətta "Sabah"ın futbolçularının fiziki göstəriciləri "Krasnodar"dan daha yaxşı olur. Ümumi götürsək, çempionatın intensivliyinin artması üçün oyunlarda daha az pauzalar olmalıdır. Aşağı pillələrdə qərarlaşan və nəticəyə oynayan komandalar çox pauza edirlər, oyunu gecikdirirlər, yalandan qıcolmalar tutur. Bütün bunların qarşısını ala biləcək şəxslər hakimlərdir. Onlar buna qarşı çox sərt olmalıdırlar. Avropada bu hərəkətlər keçmir, hakimlər bu tip hallara imkan vermirlər".

M.Musayev komandanın qapıçısı Yusif İmanovun Avstriya ilə oyunda millinin heyətində debüt etməsi və 4 qol buraxması haqda deyib: "Bəzən pis təcrübə 5-6 oyundan sonra sənə daha yaxşı nələrsə verir. Yusiflə dörd buraxılan qolu müzakirə etdik. Bunlardan nəticə çıxarmalıdır ki, öz üzərində işləyib daha da inkişaf etsin”.