“Komandamızın pis oynadığını düşünmürəm. Çempionatda yaranan fasilə müddətində milli üzvləri bizimlə deyildilər. Eyni zamanda 2 mərkəzi yarımmüdafiəçimiz zədəlidir”.

Offsideplus.az xəbər verir ki, bu sözləri “Neftçi” klubunun baş məşqçisi Lourentsio Regekampf Misli Premyer Liqasının 28-ci turunda “Zirə” ilə oyundan (1:1) sonra deyib.

Rumıniyalı mütəxəssis komandasının qol epizodlarını qaçırmasından gileylənib: “Bu gün yaxşı oynadığımızı düşünürəm. Hücumun sonluğunda daha diqqətli olmalı və daha çox qol vurmalıyıq. Çünki yaxaladığımız şansları boşa verdikcə, xallar itiririk”.

Regekampf komandasını qarşıda vacib oyunların gözlədiyini vurğulayıb: “Bizi qarşıda çətin ay gözləyir. Vacib oyunlarımız olacaq. Çalışmalıyıq ki, bütün oyunçularımızı bərpa edək və qarşıdakı dövrədə daha diqqətli olaq”.

“Neftçi”nin çalışdırıcısı mövsüm ərzində üçüncü dəfə zədələnən Eddi İsrafilovdan da söz açıb: “Eddi mövsümün son hissəsində bizə kömək edəcək. Özü də buna çox inanır. Mövsüm yekunlaşdıqdan sonra isə böyük ehtimalla, əməliyyat keçirəcək. Bundan sonra daha yaxşı durumda olacaq. Artıq o, fiziki hazırlıq üzrə məşqçimizlə məşqlərə başlayıb”.