"Bizə dəstək olan bütün fanatlara təşəkkür edirəm. Bu ağır vəziyyətdə bizi ruhlandırdılar. Rəqibə oynamağa imkan verməməyə çalışdıq. Onları təzyiqdə saxladıq. Üç xal bizim üçün çox vacib idi. Doqquz xallıq oyun oldu. Bu, bizə böyük motivasiyadır. Uğurlu çıxışın davamını gətirmək istəyirdik. Bu gün ən çox nəticə üçün çalışdıq. Futbolçularıma gözəl mübarizəyə görə təşəkkür edirəm".

Offsideplus.az xəbər verir ki, bunu "Kəpəz" klubunun baş məşqçisi Tərlan Əhmədov Misli Premyer Liqasının 28-ci turunun "Səbail"lə (1:0) qələbəsindən sonra keçirilən mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını cavablandırıb.

- Ot örtüyünün durumu barədə fikriniz necədir?

- Əlbəttə ki, oyun keyfiyyəti bir az aşağı idi. Ancaq peşəkarlar üçün problem olmamalıdır. Bəli, meydançanın bu vəziyyətdə olması bizim üçün də üzücüdür. Ot örtüyü yaxşı olsa, oyunlarımız da daha keyfiyyətli alınar.

- Futbolçuların performasnında yüksəliş hiss olunur...

- Ümumi olaraq bütün komanda yüksəlişdədir. Çalışırıq ki, bu vəziyyəti saxlayaq. Hələ ki, heç kimlə danışıq olmayıb. Premyer Liqada qalmağımız dəqiqləşəndən sonra futbolçularla danışıqlar başlanacaq. Büdcə də bəlli olmalıdır. Bu ilki əməkhaqqı ilə heç bir futbolçu yeni müqavilə imzalamaz. Sponsor, maliyyə məsələləri həll olunandan sonra bu barədə danışmaq olar.

- Bugünkü oyunda Orxan Sadıqlıya qapını etibar etdiniz. Bunun səbəbi nədir?

- Bizim üç qapıçımız da eyni səviyyədədir. Orxanın oyun praktikasının azalmasını istəmirəm. Buna görə də onu itirə bilmərik. Olar bilər ki, 2-3 turdan bir dəyişiklik etdik.

- Maaşların gecikdiyi deyilir. Bu, həqiqətdir?

- Bu barədə mətbuat xidməti açıqlama verib. Bəli, 2 ayın maaşını almamışıq. Gözləntimiz var. İdarə heyətinin rəhbəri futbolçularla danışır. Bu həftə məsələ öz həllini tapmalıdır.

- Növbəti mövsüm bu stadionda oynayacaqsız?

- Məndə belə məlumat yoxdur. Mənim karyeram çətin yerlərdə işləməklə keçib. Son üç gündə yeni salınmış təbii meydançada məşq etdik. Klub rəhbərliyi də çalışır. Biz qarşıdakı 8 turu fikirləşirik. Düşünürəm ki, stadion problemi qısa müddətdə həllini tapar.

- Maaş almayan komanda oyunlara necə fokuslanır?

- Çox çətindir. Bir dəfə futbolçular məşqə çıxmaqdan imtina etmişdi. Bunu yoluna qoyduq. Bizim işimiz insanlara sevinc bəxş etməkdir. Uşaqlara deyirəm ki, oynayarkən evdə sizi həyəcanla izləyən yaxınlarınızı fikirləşin. Onların sevinci milyona dəyər. Gecikmə ola bilər.

- Klubla müqavilənizi uzadacaqsız?

- Heç bir danışığımız olmayıb. Sırf çempionata köklənmişik. Müqavilədən danışmaq hələ tezdir. Bu gün qalib gələrək Premyer Liqada qalmaq şansımızı artırdıq.