Millimizin baş məşqçisi Canni de Byazinin sabah İsveçə qarşı keçirəcəkləri Avro-2024-ün seçmə mərhələ oyunundan əvvəl mətbuat konfransı keçirilib.

Offsideplus.az xəbər verir ki, italiyalı mütəxəssis görüşlə bağlı bunları deyib:

“İsveçi yaxşı analiz etmişik, hansı sistemlə oynadığını bilirik. Heyətində İbrahimoviç, Kuluşevski kimi məşhur oyunçular var. İsveçin ilk oyunda Belçikaya məğlub olması komanda üzərində təzyiq yaradıb. Reytinqdə 23-cü yerdə gedən komandaya qarşı oynayacağıq.

Təbii ki, özümüzdən çox şey asılıdır. Mən komandama güvənirəm. Həyatda nəyəsə nail olmaq istəyirsənsə, çox çalışmaq lazımdır. Şərəflə əlimizdən gələni etməyə çalışacağıq. Son matçdan dərs çıxarmalı, sabah ən yaxşı oyunumuzu göstərməliyik. Öz yolumuzla getməyə davam edəcəyik”.

Sabah keçiriləcək İsveç - Azərbaycan oyunu saat 22:45-də başlayacaq.