Martın 26-da "Qarabağ" və "Qalatasaray" komandaları arasında yoldaşlıq oyunu keçiriləcək. 

Offsideplus.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov futbolçuların milliyə dəvət olunması səbəbindən yoldaşlıq matçına digər Premyer Liqa klublarına futbolçu üçün müraciət edəcəklərini bildirib. 

"Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf dünən "Kəpəz"lə oyundan sonra (2:2) "Qarabağ"a futbolçu verməyəcəklərini açıqlayıb: 

"Bizim də yoldaşlıq matçımız və proqramımız var. 6-7 futbolçumuz milliyə gedəcək. Ola bilsin ki, biz də U-19-dan futbolçular götürdük. Hər komandanın proqramı var, bu cür addım atmaq çətin olar. Təsəvvür edin oyunçularımızdan biri iştirak edir və zədələnir. Bunun mümkün olacağını düşünmürəm".

Qeyd edək ki, "Qarabağ" - "Qalatasaray" görüşü saat 20:00-da BOS-da baş tutacaq.