"Turan Tovuz" klubu Misli Premyer Liqasının 27-ci turunda səfərdə "Səbail"lə 1:1 hesablı heç-heçə edib.

Offsideplus.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında qərb bölgəsi təmsilçisinin baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb:

- Hər oyun, hər xal vacibdir. Məğlub olmaq olmazdı. Birinci hissədə oyunumuz alınmadı. Futbolçularda gərginlik var idi. Rəqib qol vurdu, sonra da epizodlar yaratdılar. İlk yarının sonunda vurduğumuz qol ikinci hissədə daha etibarlı oynamağa imkan yaratdı. İkinci hissədə istədiyimiz futbolu oynadıq. Davam etmək lazımdır. Oyun planında da artırmalıyıq. Qarşıda fasilə var. Bundan yaxşı istifadə etməliyik. Həm kubokda, həm çempionatda sıx qrafikə girəcəyik. Geniş heyətimiz yoxdur. Maksimum rotasiyalarla bu qrafikdən yaxşı çıxmaq lazımdır.

- Qələbəyə ümidli idiz, yoxsa heç-heçəni qorumaq istəyirdiz? 

- Belə matçlarda əvvəldən heç-heçə düşünmək yanlışlıq olar. Birinci hissənin ilk 20 dəqiqəsində oyun mərkəzdə gedirdi. Ötürmələrdə səhvlərə yol verdik. İkinci hissədə aktiv idik, topa sahib olduq, cinahlardan hücumlar etdik. Bu cür matçlar mübarizəlidir. Dördüncü dövrə bundan da sərt keçəcək. Xal fərqi yaxın olduğu üçün rəqiblər oyun baxımından çox risk etməyəcəklər. Heç kim sonuncu yeri tutmaq istəmir. Bizim də yuxarı qalmaq şansımız var. Stabillik çatmır. Bəzi oyunlarda qələbə qazana bilsəydik, daha yuxarı qalxardıq. Vaxt lazımdır.

- Xəyal Nəcəfovun yoxluğu mərkəzdə oyununuza təsir göstərdi? 

- Əlbəttə. Xəyal xəstə idi, qızdırması var. Oyun getmirdi, bir anlıq onu döyüşə atmaq istədim. Sonra fikirləşdim ki, ən yaxşısı dincəlməyidir. Onun yoxluğu bizim üçün böyük itkidir.

- "Səbail"lə 10 xallıq fərqi qorudunuz. Bu nəticədən sonra dərindən nəfəs aldınız? 

- Əlbəttə, dördüncü dövrəyə 10 xallıq fərqlə getmək üstünlükdür. Rəqib qalib gəlsəydi, xal fərqi azalacaqdı. Bu baxımdan üstünlüyü qoruduq.