"Bu cür meydançada oynamaq çətindir. Komandamı üç xal münasibəti ilə təbrik edirəm".

Offsideplus.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf Misli Premyer Liqasının 26-cı turunda "Şamaxı" ilə keçirilən görüşdən (1:0) sonra deyib.

"Bu cür oyunları analiz etməyəcəm. Çünki bu oyun üçün atmosfer belə idi. Müdafiəyə qapanıb, əks-hücumlara çıxan komandaya qarşı oynamaq asan deyil. Növbəti oyunlara baxıb, hazırlaşmalıyıq"- deyə, ruminiyalı mütəxəssis bildirib.

Regekampf bu cür meydançada mübarizə aparmağın çətin olduğunu qeyd edib: "Futbol oynamaq istəyən komanda üçün bu cür meydança üstünlük deyil. Hərəkətlər, hər bir şey normal meydançadakı kimi baş vermir. Sürət də, həmin sürət olmur. Mövsümboyu təbii örtüklü meydanda məşq edən komandanın sonradan bu cür meydançada oynaması çətindir".

Çalışdırıcı bir neçə qol epizodlarının olduğunu vurğulayıb və bunu tez reallaşdıracaqları təqdirdə oyunun daha rahat keçəcəyini deyib: "Bu cür oyunlarda səhv normaldır. Topu yaxşı ram etmək olmur. Başqa şanslarımız da var idi ki, qol vura bilərdik. Düşünürəm ki, Mateus Saldanyanın epizodu qol olsaydı, oyun daha tez açılacaqdı və bizim üçün daha rahat olacaqdı. Rəqib daha açıq futbol oynamalı idi. Biz qol vurandan sonra onların qapıçısı hər topu dərhal oyuna daxil edirdi. İstəmirəm rəqibin oyunçularını tənqid edim. Ancaq bu cür faktları qeyd etmək istəyirəm. Onlar üçün vacib olan qol buraxmamaq, bizə uduzmamaq idi. Bunu əldə etmək üçün hər şeyə hazır idilər. Bu meydançada bir qol buraxdınsa, sonrası çətin olacaq".

Regekampf fransalı futbolçu Kilan Lebonun ayağında ağrılar hiss etdiyi üçün əvəzlədiyini söyləyib: "Ayağında problem var idi. Həkim heyəti əlindən gələni etdi ki, bu gün meydana çıxa bilsin. Buna baxmayaraq, oyunun gedişatında ağrılar hiss etdi və rəqiblə birəbir epizodlara girə bilmirdi. Ona görə də, fasilədə onu əvəzləməyə qərar verdim. Ümid edirəm ki, növbəti oyunlarda sərəncamımda olacaq".

"Vato bizim üçün yaxşı seçimdir. Çox yaxşı məşq edir. Bu gün meydana çıxmağa layiq idi. Hər zaman ona şans verəcəyik" -deyə, o deyib.