Bu gün Misli Premyer Liqasında 25-ci tura yekun vurulub.

 Offsideplus.az xəbər verir ki, günün ilk matçında "Qəbələ" lider "Qarabağ"la üz-üzə gəlib. 4 qolun vurulduğu oyunda Ağdam təmsilçisi qələbəni bayram edib – 3:1.

Əyalət təmsilçisinin sağ cinah vingeri Rövlan Muradov qarşılaşmadan sonra saytımıza açıqlama verib. 24 yaşlı futbolçu komandasının məğlub olmasına baxmayaraq, sona qədər mübarizə apardıqlarını söyləyib:

"Meydanda əlimizdən gələni etdik. Ələ düşən bütün epizodları dəyərləndirməyə çalışdıq. Əfsuslar olsun ki, məğlub olduq. Lakin məğlubiyyətə baxmayaraq, komandamız meydanda sona qədər "döyüşdü".

O, görüşün sonlarında topun rəqib müdafiəçi Elvin Cəfərquliyevin əlinə dəymədiyini və referi Kamal Umudlunun onların lehinə penalti təyin etməməklə doğru qərar verdiyini də bildirib:

"Epizoda sonradan baxdım. Orada top Elvinin əlinə dəyməmişdi. Hakimin qərarı haqlı idi".

Daşqın Əziz