Misli Premyer Liqasının XXIV turunda "Neftçi" ilə oyunda (1:1) rəqib komanda azarkeşlərinə kənar əşya atan "Qarabağ"ın qapıçısı Luka Quqeşaşvili cəzalandırılıb.
Offsideplus.az xəbər verir ki, 24 yaşlı qolkiperə üç oyunluq şərti cəza verilib və üç ay sınaq müddəti təyin edilib. Ağdam təmsilçisi 2400 manat məbləğində cərimələnib.
Bundan əlavə, həmin oyunda fanatların təhqiramiz ifadələr işlətməsinə görə komitə hər iki kluba 4 min manat cərimə kəsib. "Neftçi" tərəfdarların pirotexnikadan istifadəsinə görə 800, azarkeşlərin meydana kənar əşyalar atması ucbatından 1600 manat məbləğində ziyana düşüb.
Paytaxt klubunun fanatlarının oturacaqları sındırması və süni örtüyə ziyan vurmasına görə dəymiş ziyan “Neftçi” klubu tərəfindən ödəniləcək.
Qeyd edək ki, ev sahiblərinin bərabərlik qolundan sonra "ağ-qaralar"ın qapıçısı İvan Brkiç topu rəqibə vermək istəməyib. Bu, "Qarabağ" futbolçularını özündən çıxarıb və xorvatiyalı qolkiperlə mübahisə ediblər.
Daha sonra isə "Neftçi" azarkeşləri Luka Quqeşaşvilinin qapısının arxasına pirotexniki vasitələr atıblar. Gürcüstanlı qolkiper isə isə fişəngi "Neftçi" bayrağı və azarkeşlərinə doğru atıb.