"Turan Tovuz"la oyuna hava şəraitinə görə hazırlaşa bilmədik".

Bu sözləri Offsideplus.az-a açıqlamasında "Şamaxı"nın kapitanı Rəşad Əzizli söyləyib. O, Misli Premyer Liqasının XXI turunda "Turan Tovuz"a minimal hesabla uduzduqları oyun (0:1) və qol epizodu barədə fikirlərini bölüşüb:

"Bilirdik ki, stantard vəziyyətlərdə yaxşıdırlar. Sadəcə zalda məşq etdiyimizdən planlarımız pozuldu. Oyun isə bizim üstünlüyümüzdə keçdi. Sonluğu gətirməkdə çətinlik çəkdik. 90 dəqiqə topa nəzarətdə bizim üstünlüyümüz vardı".

29 yaşlı qolkiper növbəti tur üzrə "Sumqayıt"a qarşı oyunda xal qazanmağın vacib olduğunu bildirib: "Artıq hazırlıqlara başlamışıq. Bizim üçün hər oyun vacibdir ki, xal və xallar qazanaq. Bu oyunda da uğur qazanmaq istəyirik". 

Cari mövsüm iki dəfə "Gənclik şəhəri" komandası ilə üz-üzə gələn "Şamaxı" 4:2 hesabı ilə qalib gəlib və heç-heçəyə razılaşıb (1:1). R.Əzizli Samir Abasovun rəhbərliyi altında "Sumqayıt" komandasından xal əldə etməyin çətin olacağını dilə gətirib:

"Sumqayıt" artıq keçən ilki "Sumqayıt" deyil. Samir Abasov öz oyun üslubunu komandaya yavaş-yavaş yeridib. Bu görüş əvvəlki matçlardan da çətin olacaq. İnşallah, uğur qazanarıq".

Qeyd edək ki, "Sumqayıt" - "Şamaxı" matçı fevralın 12-si saat 17:30-da baş tutacaq. 

Günay Xəlil