Bugünlərdə yerli mətbuatda “Qarabağ”ın hücumçusu Ramil Şeydayevə yeni müqavilə təklif etdiyi, lakin oyunçunun Ağdam klubunun təklifini hələ cavablandırmadığı barədə məlumatlar yayılıb.

Buna əsas səbəb kimi isə Ramilin xarici klublardan təklif alması göstərilib. 

26 yaşlı forvardın "köhlən atlar"la müqaviləsinin müddəti də cari mövsümün sonunda başa çatır.

Mövzuyla bağlı "Qarabağ"ın mətbuat katibi Gündüz Abbaszadə ilə əlaqə saxladıq. Klubun sözçüsü Offsideplus.az-a açıqlamasında hazırda qarşıdakı oyunlara kökləndikləri üçün bunu düşünmədiklərini, lakin Şeydayevin klubda qalmasının tərəfdarı olduqlarını bildirdi: “Premyer Liqada “Sabah”la, UEFA Konfrans Liqasında isə “Gent”lə vacib oyunlarımız var. Klub olaraq hazırda bu oyunları düşünürük. Bu məsələ daha çox həmin oyunlardan sonra müzakirə ediləcək. Bəli, Ramilin müqaviləsi mövsümün sonunda bitir. Klub olaraq futbolçunun qalmasının tərəfdarıyıq. Ramilə öz təklifimizi edəcəyik. Mövsümün sonunadək kifayət qədər vaxtımız var. İnanıram ki, Ramillə ortaq məxrəcə gəlinəcək. Amma bu, hələ müzakirə mövzusu deyil".

Qeyd edək ki, Ramil Şeydayev 2021-ci ilin 1 iyulundan "Qarabağ"ın uğurları üçün çalışır. O, hazırda 15 qolla Misli Premyer Liqasında bombardirlik cədvəlinə başçılıq edir.

Xatırladaq ki, bu barədə xəbəri ilk olaraq "sportlife.az" saytı yayıb.

Daşqın Əziz