"Biz tərəfdən mükəmməl oyun oldu. Oyunçularım nə tapşırıq vermişdimsə, yerinə yetirdilər. Ortadakı kombinasiya oyununu üstün tutaraq, çalışdıq ki, "Zirə" qapımıza yaxınlaşmasın. Ona görə futbolçulara tapşırmışdım ki, ikinci topları qazanaq".

Offsideplus.az xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf Azərbaycan kubokunun 1/4 finalının "Zirə" ilə cavab oyunundan sonra mətbuat konfransında deyib.

O, 3:1 hesablı qələbə qazanaraq yarımfinala yüksəldikləri matçı belə şərh edib: "Analizdən sonra gördüm ki, onlar çox top itirir. Bununla da qol vurmağa şansımız çox olacaq. Demək olar ki, ilk matçda oynadığımız oyunun əksini oynadıq. İlk qarşılaşmada oyun bizim nəzarətimizdə olduğu zaman əks-hücumdan qol buraxmışdıq. Bu gün fərqli oynamağa qərar verdim. Ola bilsin ki, fanatlar üçün gözəgəlimli olmadı. Amma bizim bugünkü görüşdə məqsədimiz o deyildi".

Regekampf seneqallı müdafiəçi Mamadu Mbodjla müqaviləyə xitam verilməsindən də danışıb: "Məsələnin nə olduğunu dəqiq bilmirsiniz. Ona görə düşünrsüz ki, iki oyun qalmış getdi. Heç bir problem yox idi aramızda. Hər iki tərəfin razılığı ilə müqaviləyə xitam verildi. Ona uğurlar arzulamaq istəyirəm".

Baş məşqçi Rumıniya mətbuatının onun "Universitatya Krayova"ya gedəcəyi haqda yaydığı xəbərlərə növbəti dəfə münasibət bildirib: "Sizə bundan əvvəl də demişəm ki, bu cür söz-söhblət başa çatacaq. Buradayam, müqaviləm var. Yazılanlar mənə təsir edə bilməz. Azərbaycan mətbuatında da çıxmışdı Buqatti məsələsi. Sizin hamınızın hüququdur, istədiklərinizi yazasınız. Bu cür şeyləri şərh etmədən keçirəm".