Misli Premyer Liqasının 16-cı turunda keçirilən "Kəpəz" - "Sumqayıt" oyunundan (0:1) sonra meydan sahibi komandanın baş məşqçisi Tərlan Əhmədov jurnalistlərin suallarını cavablandırıb.

Offsideplus.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib: 

- Nə qədər olsa da, məğlubiyyət xoş deyil. Bu, hər zaman acı olur. Ən ağır oyunlarımızdan biri olacağını söyləmişdim. Kubokda qələbə qazandımız rəqibə qarşı növbəti oyunda az da olsa, rahatlıq olur. İki oyunçunun - Zamiq Əliyevlə Giorgi Kantariyanın yoxluğu orta xətdə bütün oyun sxemimizi pozdu. Topa nəzarəti itirmişdik. Məğlub olduq, bunu geri qaytarmaq olmur. Qarşıdakı görüşlərə baxmalıyıq. Hərdən belə olamlıdır ki, qalxa biləsən. Uğurlu seriyamızın davamını gətirmək istəyirdik, alınmadı. Hər halda, uduzmağımızda səbəbkar başda mənəm.

- Futbolçular sanki irəli oynaya bilmirdi. Problem nə idi?
- Orta xətdə problemlər var idi. Giorgiyanın yoxluğu Ahmed Ayzayaya da təsir etdi. İstər-istəməz oyun sxemimiz pozulmuşdu. İrəlidə çoxala, hücum edə bilmirdik. Məcburiyyətdən Nicat Süleymanovu mərkəzdə oynatmağa çalışdıq. Hücumda çoxala bilmirdik. Bizim kimi komandaların bir oyunçudan asılılığı bu vəziyyətə gətirib çıxarır.