Qara Qarayev yoldaşlıq oyunları üçün Azərbaycan millisinə dəvət almamasına münasibət bildirib.

Offsideplus.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi minifutbol üzrə Azərbaycan çempionatının pükşatma mərasimindən sonra jurnalistlərə açıqlama verib:

"Ölkəmi layiqli təmsil etməyə çalışmışam. Baş məşqçi öz fikrində qaldı, buna hörmətlə yanaşıram. Hər zaman milliyə layiq olmaq istəmişəm. Hələ də çağırılmamağımın səbəbini bilmirəm. Hər kəsə uğurlar arzulayıram. Yığma üzvləri zədəsiz klublarına dönsünlər və millimizi layiqincə təmsil etsinlər. Baş məşqçi ilə aramızda bir problem yoxdur. Hər şey iyundakı toplanışda başlamışdı. Amma 3-4 ay keçsə də, bu barədə danışmırdım. Sentyabrda baş məşqçi bəzi sözlər dedi və məcburiyyət qarşısında qalıb cavab verdim. Bu olmasaydı, yenə də danışmayacaqdım. Kiminləsə xüsusi problemim olmayıb. İddia edirlər ki, Qara Qarayev oynamaq davası edir. Məncə, sevinməlidirlər ki, Azərbaycanda belə futbolçular var. Yenə də çox danışmaq istəmirəm. Milli komandaya uğurlar arzulayıram. İndi azarkeş kimi dəstək verəcəyəm. İmkan olsaydı, futbolçu kimi dəstəyimi göstərərdim. Canni De Byazi məni 10 il milliyə çağırmasa, yenə yığma üçün can yandıracağam. Bu komandada olmaq üçün daim çalışacağam".

Qeyd edək ki, Azərbaycan millisi noyabrın 16-da Moldova, 4 gün sonra isə Şimali Makedoniya ilə yoldaşlıq matçı keçirəcək.