Misli Premyer Liqasının XIII turunda “Qarabağ” doğma meydanda “Kəpəz”ə 3:1 hesabıyla qalib gəlib.

Offsideplus.az xəbər verir ki, oyundan sonra Tərlan Əhmədov jurnalistlərin suallarını cavablandırıb. 

- Oyun haqqında qısa danışacam. Müdafiədə kompakt oynamağa, rəqibi əks-hücumda tutmağa çalışırdıq. Birinci hissədə həyəcan daha çox oldu. İkinci hissədə qol da vurduq, lakin sınma nöqtəsi ikinci qol oldu. Birinci dirsək epizodunda hakimlər dedi ki, təsadüfdür. Bəlkə biz də Zamiqin epizoduna deyək ki, təsadüfdür? Artıq bu söhbətlərdən yorulmuşuq. Komanda yaxşı mübarizə apardı. İki ayın komandasında çalışıram ki, səviyyəni daha yuxarı qaldırım. Bu gün normal mübarizə apardıq, əks-hücumda bir qol vurub, 1 xalla dönməyə çalışdıq. Bizim də axsamalarımız var. Hər halda ikinci qola baxılacaq. 12 tura bir komandaya 26 sarı vərəqə verilib. Bizə qarşı nə isə olsa heç nə edilmir, biz etsək cəzamız çox sərt olur. Futbolçularımıza təşəkkür edirəm. Qarşıda bizi “Turan Tovuz”la çox çətin oyun gözləyir. 

- Məğlub olsanız da komanda gözəl oyun sərgilədi. Xüsusi plan var idi? 

- Xeyr, xüsusi plan yox idi. Futbolçularıma demişdim ki, rəqib komandanın oturuşmuş sistemi var, baş məşqçi də uzun illərdir “Qarabağ”ladır. “Kəpzə”isə 5 ayın komandasıdır, mən isə 2 aydır burdayam. Çalışıram ki, “Kəpəz” inamlı futbol nümayiş etdirsin. Müasir futbola yaxın oyun tərzi qurmaq istəyirik. Qışa qədər komandanın tam özəyini təşkil etməliyəm. Bu baxımdan oyunda xüsusi tapşırıq yox idi, əks-hücumlarda hücuma sürətli çıxmaq tapşırılmışdı. Komanda yaxşı mübarizə apardı. Hər bir komandaya qarşı fərqli yox, inamlı futbol oynamasına çalışıram. 

- Əhvalınız yerində deyil. Xala görədir, yoxsa hakimlərə? 

- Məğlubiyyət olmalıdır ki, inkişaf edəsən. “Qarabağ”ın gücünə bələdik. Belə oyunlarda diqqətli olsalar, yaxşı olar. Hər iki komanda əziyyət çəkir. Bu əziyyət yerə vurulanda biz baş məşqçilərə təsir edir. İkinci qol sınma nöqtəsi idi. VAR sisteminə baxılmır, birinci hissədə Giorginin sifətinə zərbə endirilir, hakim mənə deyir ki, təsadüfdür. Bəzi epizodlarda hakim səhvlərinə görə əsəbi idim. Bir komandaya 12 turda 26 sarı vərəqə, 4 qırmızı verilməsi böyük bir şeydir. Yeni komandadır, çalışırıq ki, nəsə edək. “Turan Tovuz”la ilk oyunda heç kəs offsayda baxmadı, amma penalti epizoduna baxıldı. VAR sistemi varsa, ədalətli olmalıdır. Zədələrimiz çoxdur, Yeqoru uzun müddətə itirdik bəlkə də. Əfran zədədən qayıtmayıb. Elvin tam bərpa olunmayıb. Bu bizim üçün mənfi hallardır. Belə hallarda əsbləri cilovlamaq olmur. Bundan sonra nəticəni qaytarmaq qeyri-mümkündür. 

- Rauf Əliyev barənizdə açıqlamalar vermişdi...

- Oxumuşam. Mənim heç kəslə problemim, prinsipim yoxdur. Artıq özü özünü ifşa edirsə, qızıl vaxtımızı boş-boş söhbətlərə sərf etməyək. Qurduğum komandanın sonra üstümə şər atıb dediklərini açıqlasam, gərək Azərbaycan futbolu dayana. Tərlan Əhmədov adi insandır, işim tələbdir. Övladım da olsa, nizam intizamı poza bilməz. Köməkçilərim bir balaca səhv etmişdi, ikisini də cəzalandırmışam. İşdə dostum qardaşım yoxdur. 

- Yeqor zədələnib meydanı tərk etdi, ondan başqa əvəzetmə etmədiniz... 

- Əvəzetmə ona görə etmədim ki, qarşıda da bizi çətin oyun gözləyir. Yeqorun zədələnməsi planlarımızı pozdu. Meydana futbolçu buraxıb, itirmək istəmədim. Bütün oyunları izləyirəm, yaxın günlərdə bir neçə futbolçu əvəzedicidə heyətə çıxacaq.