"Səbail" klubunun baş məşqçisi Mahmud Qurbanov Misli Premyer Liqasının 12-ci turunda səfərdə "Kəpəz"ə 0:3 hesabıyla məğlub olduqları matç barədə danışıb.

Offsideplus.az xəbər verir ki, o, mətbuat konfransında bunları deyib:

"Bura qələbə qazanmaq üçün gəlmişdik. Oyuna pis də başlamadıq. Matçın qırılma nöqtəsi birinci hissənin ortalarında yaşandı. Mərkəz müdafiəçimizin anlaşılmayan hərəkətindən sonra qapımızda qol gördük. Daha sonra həmin oyunçu qırmızı vərəqə ilə cəzalandırıldı. Bu isə komandanın əməlli-başlı oyundan düşməsi deməkdi. Fərqli qələbə qazandılar. "Kəpəz" möhtəşəm idi. Uduzmuşuq, futbolçulara deyiləsi söz də çoxdu. Amma bəhanə axtarmaq fikrimiz də yoxdu. Qarşıdakı oyunlara hazırlaşacağıq".

- Gəncə stadionu sizin üçün yad deyil. Bura rəqib baş məşqçi kimi gəlmək necə hissdir?

- Gəncə mənə doğmadır, ölkəmizin ən gözəl şəhərlərindən biridir. Rəqib baş məşqçi kimi olsa belə, bura gəlmək çox xoş idi. Gözəl futbol atmosferini gördük. Futbol bayramı oldu. Əfsuslar olsun ki, buranı məğlub tərk edirik. Üzücü məqam uduzmağımızdır. Amma stadiondakı ab-hava möhtəşəm idi.

- Nihad Qurbanlı bir kobud səhv və qırmızı vərəqə ilə yadda qaldı. Cəzası nə olacaq? 

- Cəzalandırmaq asandı. Bizdə cəza metodları var. Onlar arasında futbolçunun əvəzedici heyətə göndərilməsi, pul cəzasını qeyd edə bilərəm. Mənə maraqlı olan odur ki, oyunu 11 nəfərlə başa vura bilmirik. Nəticə qazanmaq istəyirik, amma neçə oyundur, meydanı 10 nəfərlə tərk edirik. Bu, problemdi. Bilərəkdən qırmızı vərəqə aldıqlarını da deməzdim. Sadəcə olaraq, görünür ki, aqressiv və kobud futbolu ayıra bilmirlər. Başa salırıq, amma ayırd edə bilmirlər. Qırmızı vərəqələr oyunumuza çox təsir edir. Futbolçularımızdan aqressiv oynamalarını istəyirik. Amma bu, o demək deyil ki, qırmızı vərəqə alsınlar. Nihad Qurbanlı təcrübəsizlikdən qırmızı vərəqə aldı.

- Nəticələr qənaətbəxş olmasa da, işinizə davam edirsiz. Rəhbərliyin etimadını hiss edirsiz? 

- Əlbəttə ki, rəhbərliyin etimadını hiss edirik, etibar edirlər. Hərdən "Səbail"i elə qələmə verirlər ki, sanki komanda çoxdandır birlikdədir. Özüm yeniyəm, gəlmə və yerlilər də yeni dəvət olunub. Komanda yeni formalaşır. Biz də istəyirik ki, hər şey yaxşı olsun. Rəhbərliyin də dəstəyini hiss edirik. Mövsümün sonunda nəticələrimizə baxarıq. Mübarizəni sona qədər davam edəcəyik. Rəhbərlik tərəfindən heç bir xəbərdarlıq var. İstəyirik ki, onların güvənini doğruldaq.

- İstədiyiniz komandanı görmək üçün nə qədər vaxta ehtiyacınız var? 

- Müddəti demək çətindi. İstək çoxdu. Çalışacağıq ki, vəziyyəti düzəldək. Uduzmağı xoşlamıram. Yaxşı yerlərdə olmaq niyyətindəyik.

- Legionerlər arasında istək baxımından fərq görünürdü. Məsələn, Emil Martinov daha istəkli idi, digərləri yox... 

- Deməzdim ki, digərləri həvəssiz idi. Oyuna yaxşı başlamışdıq. Kobud səhv, qırmızı vərəqə almağımız oyunun qırılma nöqtəsi oldu.