Bu gün Misli Premyer Liqasının X turunda tarixi derbi baş tutacaq. 

Offsideplus.az xəbər verir ki, "Kəpəz" müdafiəçisi Peyman Keşavarzi "Neftçi" ilə oyun barədə klubun mətbuat xidmətinə danışıb:

"Uzun müddətdən sonra Gəncədə ilk ev oyunumuzu keçirəcəyik. Bu, bizim üçün sevindirici haldır. Çoxdandır ki, doğma şəhərdə, öz azarkeşlərimizin qarşısında çıxış etmək istəyirdik. Bununla yanaşı, bu mövsüm ilk ev oyunumuzun tarixi derbi olması bizi daha da məsuliyyətli edir. Bu oyunun nə demək olduğunu hamımız yaxşı başa düşürük. Ona görə də matça çox ciddi hazırlaşmışıq. Azarkeşlərin də möhtəşəm dəstəyi ilə həm gözəl oyun nümayiş etdirmək, həm də qələbə qazanmaq istəyirik. Bilirəm ki, həm “Kəpəz”, həm də “Neftçi” ölkənin ən köklü iki klubudur. Ona görə də arada əzəli rəqabət, barışmaz mübarizə, prinsipiallıq var. Burada söhbət iki böyük şəhərin rəqabətindən gedir. Düzdür, çempionatın ilk turlarında oynamırdım, bu da keçmiş baş məşqçinin qərarı idi. Bu barədə çox danışmaq istəmirəm. Çünki artıq komandamızın baş məşqçisi Tərlan Əhmədovdur. Onun gəlişindən sonra oynamaq şansı qazanmışam. Çalışıram, hər oyunda əlimdən gələnin ən yaxşısını edim və əsas heyətdə yerimi möhkəmləndirim. Mənə güvəndiyi üçün baş məşqçiyə də təşəkkür edirəm".

Qeyd edək ki, "Kəpəz" - "Neftçi" matçı saat 15:00-da start götürəcək.