AFFA Azərbaycan millisinin baş məşqçisi olan Canni de Byazi ilə daha bir mövsüm yollarına davam etmək qərarı verdi.

Tanınmış futbol mütəxəssisi Yunis Hüseynov Offsideplus.az-a açıqlamasında 65 yaşlı italiyalı mütəxəssisin yığma komandanın yenidən baş məşqçisi seçilməsini dəyərləndirdi:

"Həmişə bu fikirdə olmuşam ki, milli komandaya yerli baş məşqçi gətirilsin. Əgər gətirilmirsə, o zaman De Byazinin qalmağı məsləhətdir. Artıq 2 ildir ki, futbolçuları yaxından tanıyır, komandalarımıza bələddir. Başqa bir əcnəbi baş məşqçi gətirsəydilər, yenə də 2-3 il vaxt istəyəcəkdi. Nə qədər millini tənqid etsək də, istəyirik ki, millimiz yaxşı nəticə göstərsin. Futbolçularımızdan da çox şey asılıdır, xarici komandalarda oynayıb, gərək öz üzərlərində işləsinlər ".

57 yaşlı mütəxəssis Azərbaycan millisinin Millətlər Liqasının qrup mərhələsində Slovakiya və Qazaxıstan millisi ilə oyunlarda hamının əməyi olduğunu söylədi:

"Baş məşqçidən tutmuş, futbolçulara qədər hamı qələbə üçün vuruşub. Meydanda bunu yerinə yetirən oyunçulardır, onlar əzmkarlıq göstərməsə, məşqçi nə qədər iş göstərsə də, qalib gələ bilməzsən. Burda hamının əməyi var. Tarixdə yadda qalan nəticədir, qalib gəlirsə, müzakirə olunmur".

Y.Hüseynov Qara Qarayev və Maksim Medvedevin italiyalı baş məşqçi ilə aralarında baş verən gərginlik barədə bu sözləri dedi:

"Qara Qarayevi ən azından digər oyunçulara motivasiya verməsi üçün komandaya çağırmaq olardı. Amma Canni de Byazi dəvət etməmək qərarı verəndə bu məsələ həddindən artıq böyüdü. Milli komanda bizim qürurumuzdur, hər bir futbolçunu milliyə çağıranda meydana çıxıb canla-başla oynamalıdır. O qədər yaxşı futbolçularımız olub ki, yığma komandaya dəvət almayıb. Mən özüm də yaxşı formada olduğum vaxtlarda milliyə çağırılmamışam. Dünya dağılmayıb ki? Baş məşqçi futbolçunu əsas heyətdə görmür, çağırmır. Lakin digər oyunlarda dəvət edir. Maksimin taktika barədə söylədikləri barədə isə bir söz deyə bilmərəm, çünki orda olmamışam. Hansı sistemdə məşq elətdirdiklərini, hansı taktikadan istifadə olunduğu barədə bir məlumatım yoxdur".

Qeyd edək ki, Canni De Byazi 2020-ci ilin iyulundan Azərbaycan millisinin baş məşqçisidir.