Milli komandanın taktikası barədə Maksim Medvedev və Canni de Byazi arasında gərginlik yaşanıb.

Offsideplus.az xəbər verir ki, bu barədə millimizin kapitanı  Maksim Medvedev İctimai TV-də yayımlanan  "Bol idman" verilişində açıqlayıb:

"Matçdan sonra De Byaziyə yaxınlaşıb, oyunu müzakirə etməyə başladıq. Dedim ki, bir həftə boyu bu taktika ilə işləyirik, sonra oyuna 1-2 gün qalmış taktikanı dəyişirsən. Oyunçular bilmir, kim hara qaçsın. Ona dedim ki, sən eksperiment aparırsan, əziyyəti isə biz çəkirik".

O, bu gün saat 23:40-da yayımlanacaq verilişdə De Byazinin Qara Qarayevi yığmaya dəvət etməməsi barədə bunları söyləyib: "Fikrimcə, onun çağırılmaması boyla əlaqəli deyil. İndiyədək Eddi də var idi, amma Qara oynayırdı. Nə oldu, Eddi gəldi, deyirsən, Qaranın boyu balacadır?"

M.Medvedev millidə baş məşqçi vəzifəsinə ən yaxın namizədin Rəşad Sadıqov olduğunu deyib: "Onu baş məşqçi təyin edib, 3-4 il vaxt versinlər. O da bu müddətdə komandanı formalaşdırsın. Ondan sonra, görək, nəticə necə olacaq".