"Səbail" klubunun baş məşqçisi Mahmud Qurbanov Misli Premyer Liqasının VII turunda "Neftçi"yə məğlubiyyəti şərh edib.

Offsideplus.az xəbər verir ki, o, 0:2 hesabı ilə məğlub olduqları görüşdən sonra "CBC Sport"a açıqlamasında bunları deyib:

"Birinci hissədə daha istəkli idik, topa sahib olmağa çalışırdıq, alınırdı da. Mübarizələrin çoxunda qalib gəldik. İkinci hissədə əksinə oldu. Mübarizələri uduzduq, top bizdə qalmırdı. İlk qol konsentrasiyanı itirməyimizə görə oldu. Topsuz qaldıq və yorulduq. Bundan sonra toparlanmaq çətin idi. Yorğunluğa görə hücumlarımız da kəsərli alınmadı. İkinci hissədə yaxşı oynamadıq, bütün komponentlərdə "Neftçi"yə uduzduq. Hər oyunda səhvləri düzəltməyə çalışırıq. Görünür, boşluqlarımız çoxdur".

Qurbanov geridə qalan 7 tura əsasən çatışmazlıqlardan danışıb:

"Hır oyun qol buraxırıqsa, deməli, problem müdafiədədir. Çalışırıq, daha diqqətli olaq, kompakt oynayaq. Amma hərdən diqqətsizlikdən qol buraxırıq. "Neftçi"nin qələbəsini şübhə altına almaq istəmirəm. Amma diqqətsizlikdən qollar buraxdıq. Necə ilk hissədə oynadıq, fasilədən sonra da elə çıxış etməliydik".