"Kəpəz"i qəbul edəndə çox oyunlarına baxdım. Gördüm ki, nəsə etmək olar, potensial var. Bu gün bir daha şahidi oldum".

Offsideplus.az xəbər verir ki, bu sözləri "Kəpəz"in baş məşqçisi Tərlan Əhmədov səfərdə "Turan Tovuz"a 0:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının VI tur matçından sonra keçirilən mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis bildirib ki, üstün oynasalar da, uduzublar: "Futbolda belə hallar olur. Kaş, pis oynayıb qalib gələrdik. Uşaqlar göstərdilər ki, istək var, komanda gələcəyə ümid verir. Düzdür, bəzi çatışmazlıqlar var. Görəcəyimiz iş həddindən artıq çoxdur. Hücum xəttindəki problem qabarıq şəkildə görünür. Amma oyun baxımından nəzarət bizdə idi. Rəqibi topsuz qoymağa çalışırdıq. Hər iki hissədə qol epizodlarımız oldu. Məyus olmaq, depressiyaya düşmək lazım deyil. Bunu futbolçular da başa düşür. Qarşıda 30 tur var. Komandanı qışadək yaxşı hazırlamaq borcumuzdur".

O, əvəzedici komandaya göndərilən Rauf Əliyevin yerinə yeni hücumçu alınacağını istisna etməyib: "İki-üç mövqeyə futbolçu axtarırıq. Qışadək yeni nəfəs olmalıdır. Hücumda aqrsessivlik yarada, qol epizodlarından yararlana bilmirik. Axtarışlar davam edir. Yaxın günlərdə əcnəbi forvard transfer edə bilərik".

Əhmədov kapitan Tural Axundovun ehtiyatda qalmasına da toxunub: "Rauf Əliyevin dalınca heç kim getməyəcək. "Hər şey intizamla bağlıdır. Əfran İsmayılov və Axundov təcrübəli futbolçulardır. Belə oyunçular olmasa, inkişaf etmək çətindir. Turalın ehtiyatda qalması o demək deyil ki, daim mənim yanımda oturacaq. Standart vəziyyətlər zamanı rəqibin uca boylu futbolçularını nəzərə aldığımız üçün onun yerinə Elçin Əmirlini oynatdıq. Özünü yaxşı tərəfdən göstərdi. Kim güclüdürsə, meydanda da o olacaq. Əfranın zədəsi var. Son məşqdə topuğundan xəsarət alıb".(report.az)