Transfer "bazar"ının son günlərində "Qarabağ"ın bir neçə futbolçunu transfer edəcəyi ilə bağlı məlumat yayılıb.

Offsideplus.az xəbər verir ki, müxtəlif mənbələrdə Ağdam təmsilçisinin adı bəzi futbolçularla anılır: Momo Yansane ("Şerif"), Yusuf Demir ("Rapid"), Mahir Emreli ("Dinamo").

Klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə saytımıza açıqlamasında adıçəkilən oyunçularla bağlı bir addım atılmadığını bildirib.

"Bəli, transfer çalışmalarımız davam edir. Lakin adıçəkilən futbolçularla bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir. Transfer "bazar"ının son günləri olduğu üçün transfer çalışmaları intensivləşib. Hər hansısa bir yenilik olarsa, bu barədə rəsmi olaraq məlumat veriləcək".

Qeyd edək ki, "Qarabağ"ın Mahir Emrelini icarə əsasında komandaya qaytarmaq istədiyi ilə bağlı məlumat yayılmışdı. Bundan əlavə, "köhlən atlar"ın "Şerif"in hücumçusu Momo Yansane və "Rapid"dən Yusuf Demirlə maraqlandığı bildirilir.