Misli Premyer Liqasında II turun “Neftçi” – “Kəpəz” oyunundan (5:2) sonra təşkil edilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Yaşar Vahabzadə mətbuat konfransına qatılıb.

Offsideplus.az xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bölüşüb:

- Bilirdik ki, çətin oyun olacaq. 12-ci dəqiqədən 16-cı dəqiqəyə qədər 3 top buraxdıq. Buna qədər normal oynayırdıq. Sonra bir qədər çətinlik oldu. Fasilədən sonra oyunda dönüş yaratmaq istədik. Hücumda nəsə alındı. Müdafiədə səhvlər oldu. Onların ucbatından məğlub olduq.

- Komandanızın oynadığı futbolun nə olduğu anlaşılmadı... 

- Oyunumuzu müdafiədən qururduq. Əks-hücumlarda şans axtarırdıq. “Neftçi” topla yaxşı oynayan komandadır. Onlarla açıq oynamaq çətin olardı.

- Azarkeşlər əvvəldən sona qədər sizi istefaya səslədi... 

- Əlbəttə, eşidirdim. Azarkeşlərin məni istefaya səsləməsi normaldır.

- İlk qoldan sonra komandada psixoloji gərginlik yarandı və ardıcıl toplar buraxdız. Qısa zaman ərzində 3 top buraxmağı nə ilə izah edə bilərsiz? 

- Psixoloji gərginlik oldu. Standart vəziyyətdən top buraxdıq. Toparlanmağa çalışsalar da, alınmadı.

- Abdullahi Şuaybu start heyətdə meydana çıxsaydı, komanda ilk yarıda daha yaxşı çıxış edə bilərdimi? 

- “Zirə” ilə matçdakı heyətə güvənmişdik. Hesab edirdik ki, həmin oyunda normal çıxış etmişdik. Ona görə də belə başladıq.