AFFA-nın diqqətsizliyi ucbatından daha bir futbol klubu fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb.

Region Liqasında çıxış edən “Ağstafa” klubunun maliyyə problemlərinə görə fəaliyyətinə son verməsi ilə bağlı məlumat vermişdik.

Məsələ ilə bağlı bölgə təmsilçisinin mətbuat xidmətinə müraciət etdik. Klubdan Offsideplus.az-a bildirdilər ki, maliyyə dəstəyi üçün AFFA-ya edilən müraciətlər nəticəsiz qalıb, Ağstafa Rayon İcra Hakimiyyətindən isə əllərini çoxdan üzüblər:

“AFFA-ya müaciət etmişdik, lakin heç bir nəticə əldə edə bilmədik. Rayon rəhbərliyindən isə ümumiyyətlə, danışmaq istəmirəm. Ağstafa şəhər Mərkəzi stadionunda oynamağa belə icazə vermədilər. Keçən il klubumuzun prezidenti Alıyev Alı dəfələrlə müraciət etdi ki, stadionu icarə əsasında versinlər, oynayaq. Hazır stadion idi, yüngül nöqsanları vardı, təmir-bərpa işləri görmək istəyirdik. Amma icazə vermədilər...”

I Divizionda çıxış etmək məqsədində olan komanda AFFA-nın maliyyə dəstəyi ayırdığı "Qoşqar" klubuna ötən mövsüm hər iki oyunda qalib gəlib:

“I Diviziona yüksəlməyi planlaşdırırdıq. 18-30 yaş arası futbolçularımız vardı. Bu cür istedadlı uşaqları məhv etdilər. Rayonun adı üçün oynayırdılar, heç bir maaş almırdılar. Klubun xərclərini prezidentimiz öz cibindən ödəyirdi. Qazaxa gedib oynamaq futbolçularımıza ayda 50 manata başa gəlirdi. AFFA Gəncənin “Qoşqar” klubuna maliyyə yardımı göstərmişdi. O komandaya həm evdə, həm də səfərdə qalib gəldik”.

Qeyd edək ki, iki ildir yaranan klub Ağstafa rayonunu Respublika səviyyəsində tanıtdırmaq və təmsil etməklə yanaşı, rayondakı gənclərin pis vərdişlərdən uzaqlaşıb idmana meyl etmələrini planlaşdırırdı. Klub rəhbərliyi bu ildən etibarən kənd və qəsəbələrdən istedadlı gəncləri araşdırmağı, kluba dəvət etməyi və növbəti 5 il üçün gənc dinamik bir klub qurmaq hədəfində idi.

 Günay Xəlil