Misli Premyer Liqasında I turun “Kəpəz” – “Zirə” (1:2) oyunundan sonra meydan sahiblərinin baş məşqçisi Yaşar Vahabzadə mətbuat konfransına qatılıb.

Offsideplus.az xəbər verir ki, o, matçla bağlı bunları deyib:

- Çətin oyun olacağını bilirdik. Güclü rəqibə qarşı oynayırdıq, avrokuboklarda oynayıblar. Amma çalışırdıq ki, rəqibin hücumların qarşısını alıb, əks-hücumlara keçək. Müəyyən dərəcədə istədiklərimiz alındı. Futbolçularımdan razı qaldım. Meydanda etdikləri tərifəlayiqdir. Səhvlərimizi aradan qaldırmağa çalışacağıq. İkinci qolu əks-hücumdan buraxdıq. Oyundan əvvəl rəqibin belə imkanlarının olacağını gözləyirdik. Ola bilər təcrübəsizlikdən belə boşluq verdik. Rəqibi təbrik edirəm.

- Son dəqiqələrə qədər əvəzetməyə əl atmadız. Bu, nə ilə bağlı idi? 

- Gedişatın dəyişəcəyindən ehtiyatlanırdım. Yeni futbolçu oyuna düşməyə bilərdi. Ona görə dəyişiklik etmək istəmirdik.

- Rəqib azlıqda qalandan sonra futbolçular ikinci qol üçün irəli getməyə risk etmirdilər. Halbuki qələbə topunu da vurmaq olardı... 

- Olardı. Amma bu gün bir xal da bizi qane edə bilərdi. Lazımsız epizodda topu irəli vurduq, qayıdan topu götürən olmadı və əks-hücumda qol buraxdıq.

- Maliyyə məsələsi, stadion problemi komandaya nə qədər təsir edir? 

- Komanda çox çətin durumdadır. Bunu bəhanə kimi demək istəmirəm. Maliyyə və digər problemlər var. Əvvəlcə Gəncədə oynayacağımızı gözləyirdik, 3 gün qalmış başqa qərar verildi. Bu da futbolçulara təsir edir. Hamı Gəncə azarkeşləri qarşısında oynamaq istəyirdi. Sağ olsunlar, uzun yol qət edib, komandaya dəstək olmaq üçün Bakıya gəlmişdilər. Bölgə komandasıyıqsa, Gəncədə oynamağımız daha yaxşı olardı.

- Gəncədə oynasaydız, hesab fərqli ola bilərdi? 

- Bunu demək çətindir. Azarkeşlərin dəstəyi qarşısında hər şey ola bilərdi.