Bu gün “Neftçi” klubu yeni sponsorluq anlaşması imzalayıb.

Offsideplus.az xəbər verir ki, "ağ-qaralar" “Liv Bona Dea Hospital”la əməkdaşlığa başlayıb. “Bakcell Arena”nın konfrans zalında baş tutan imzalama mərasimində tərəflər 3 illik müqavilə bağlayıb.

Razılaşmaya əsasən, “Liv Bona Dea Hospital” “Neftçi”nin sağlamlıq sponsoru olacaq, “Neftçi”, “Neftçi-2”, və “Neftçi” Futbol Akademiyasının komandalarına ödənişsiz şəkildə müayinə, müalicə, tibbi baxış və s. kimi xidmət göstərəcək, komandaların dərman preparatları ehtiyaclarının qarşılanmasında dəstək olacaq. Əvəzində isə əsas komandanın ev oyunları zamanı stadionun ərazisində yerləşən reklam lövhələrində “Liv Bona Dea Hospital”ın fəaliyyəti ilə bağlı təbliğat materialları yerləşdiriləcək. Kluba məxsus “Neftçi TV” və digər sosial media səhifələrində hospitalın da loqosunun yer alacağı paylaşımlar ediləcək və başqa marketinq xidmətləri göstəriləcək.