"Sumqayıt"ın baş məşqçisi Aleksey Baqa Ankara şəhərində Qızılcahamam bölgəsində yerli komanda "Bandırmaspor" qarşısındakı 2:2 hesabı ilə bitən yoxlama matçı haqda fikirlərini bildirib.

Offsideplus.az  xəbər verir ki, belaruslu çalışdırıcı oyunla bağlı bunları deyib:

“Öz liqasında yüksək yerlər uğrunda mübarizə aparan güclü komanda ilə maraqlı qarşılaşma alındı. Heyətində səviyyəli legionerlərin də yer aldığı güclü kollektivə qarşı oynadıq. İlk yoxlama matçı olmasına baxmayaraq, futbolçularımın oyuna münasibətindən razı qaldım. Azərbaycanda keçirdiyimiz yoxlama oyunlarını unudub buradakı matçlara köklənmişik. Baxımlı qollar vurduq, bəzi imkanları boşa verdik. Öz qapımızda da qollar gördük. Belə deyim, çox məhsuldar qarşılaşma oldu. Hesab məni o qədər maraqlandırmır. Futbolçuların əzmkarlığı, oyuna yanaşması məni qane etdi. Düşərgəmizdə yeni oyunçular var. Futbolçularımız onların qısa vaxtda kollektivə uyğunlaşması üçün yardım edirlər ki, bu da oyunda hiss olunur”.