Azərbaycanda illərdi qapıçı problemi davam edir.

Daha da dəqiqləşdirim yaxşı qapıçı problemi davam edir. Yoxsa belə baxanda qapıçılar çoxdur. Samir Abasov "Sumqayıt"ın baş məşqçisi postundan gedəndə postun yeni sahibni haqda sual vermişdilər o da cavab vermişdi ki, bir məşqçi tapacağıq. oyunlara məşqçisiz çıxmayacağıq ki. İndi Rəfiyevin sözü olmasın, komandalar da oyuna qapıçısız çıxmırlar kimisə tapıb qapıya qoyurlar. Ama sözün əsl mənasında güclü qapıçı yetişmir. Təsəvvür edin, Kamran Ağayev 6 ay klubsuz qala-qala yenə millidə 1 nömrədi. Adam getsin evdə yesin-içsin, yatsın, heç məşq eləməsin yenə gəlib millinin əsas qapıçısı kimi meydançaya çıxcaq. Çünki onu əvəzləyəcək layiqli qapıçı yoxdur. Hansı ki...

Bir vaxtlar hər şeyin əksi yaşanırdı. 90-cı illərə baxsaq ölkədə bu sahədə nə boyda rəqabət olduğunu görmüş olarıq. Dmitri Kramarenko, Elxan Həsənov, Rauf Salamov, Nizami Sadıqov, Hüseyn Məhəmmədov, Cəmaləddin Əliyev və s. Sonradan Fərhad Vəliyev, Elşən Poladov, Fərhad Əfəndiyev, Cahangir Həsənzadə kimi qapıçılar da yetişdi. Son illər isə bn ənənənin ardı gəlmir. Ən son nəsil elə deyək ki, Kamran Ağayev, Anar Nəzirov və Amil Ağacanovu demək olar.Onlar da 80-cı il nəslinin təmsilçiləridir. 1990-cı ildən bu yana doğulan nəsildə mənə bir nəfər güclü qapıçı göstərə bilərsiniz? Yoxdur elə qapıçı. Ümumiyyətlə, son 10-12 ildə ölkədə güclü, ölkədən kənara çıxacaq səviyyədə qapıçı yetişməyib. Daha doğrusu, yetişdirilməyib. Klubların heyətinə baxaq:

"Qarabağ" - Ötən mövsüm heyətində yer alan hər üç qapıçı legioner idi. İbrahim Şehiç (Bosnya və Hersoqovina), Anton Kanibolotski (Ukrayna) və Şaxruddin Maqomedaliyev (Rusiya)

"Qəbələ" - 3 qapıçıdan ikisi legionerdi. Əsas qapıçı Dmitro Bezatısnı (Ukrayna) demək olar ki, əvəzolunmazdı. Rus Murat Popov, ümumiyyətlə, bu kluba niyə gəlib, heç kimə məlum deyil. Adamın "Qəbələ" forması ilə oyundan fotosunu görən olmayıb. yalnız Aqil Məmmədov yerli qapıçıdır ki, o da əsas heyətə hec cürə düşə bilmir. 

"Neftçi" - Səlahət Ağayev və Rəşad Əzizli yerli qapıçılardı. Amma etiraf edək ki, bu gün heç biri Kamranı əvəzləyəcək səviyyədə deyil. Səlahətin boyu var, amma topa reaksiyası və hava toplarında çıxışı çox zəifdir. Yəqin ki, Tofiq Bəyhramova dına Respubliak stadionunad U-21-in heyətində butaxdığı gülməli qolu çoxları xatırlayar. Rəşad isə bir ara Səlahətin yoxluğunda "Neftçi"də əsas qpaıçı olsa da Ağayev gələn kimi postunu təhvil verdi. Ölkə səviyyəsində pis qapıçı deyil. Amma boyunun qapıçı üçün tələb olunan hündürlükdə olmaması işini əngəlləyir.

"Zirə" - Anar Nəzirovdan bəhs etdik. İkinci qapıçı Kamal Bayramov da yerlidi. Hər iki qapıçının artıq 33 yaşı olduğunu nəzərə alsaq 1-2 ilə karyeralarını qurtaracaqlar. Üçüncü qapıçı Abdulla Seyidəhmədovun isə 21 yaşı olsa da hələ də təcrübəli həmkarları ilə rəqabət apara bilmir. Bunun özü də üzücü məqamdı. Hansı ki, yuxarıda adlarını çəkdiyimiz keçmiş qapıçılarımız 21 yaşında artıq iddialı klubların əsas qapıçıları idi.

"Sumqayıt" - Bu məsələdə ən çox qınanılası klub bəlkə də "Sumqayıt"dı. Çünki yarandığı gündən legionerə "yox" deyib ancaq yerli futbolçulara güvənəcəyini açıqlayan kllub bu günə qədər bir nəfər də olsun qapıçı yetişdirməyib. Zarafat deyil, aradan 8 il keçib. 8 il bundan qabaq 11-12 yaşlı uşağın indi 19-20 yaşı var. Klub ancaq digər klublardan icarəyə götürdüyü qapıçıların hesabına mövsümü yola verib. Təsadüfi deyil ki, son mövsümdə də komandanın əsas qapıçısı 38 yaşlı Fərhad Vəliyev olub. Artıq o da karyerasını başa vurdu. Yəqin ki, gələn mövsümdən sumqayıtlıların çərçivəsində Mehti Cənnətov yer alacaq. Hansı ki, o da azərbaycanlı deyil, Rusiyadan gətirilib. 

"Keşlə" - Kamran Ağayev həm burda. həm də millidə 1 nömrədi. Onun əvəzləyici Orxan Sadıqlı isə hələ də milliyə dəvət ala bilmir. O da ölkə səviyyəsində normal qapıçıdır. Düzdür, boyu qapıçı üçün yetərli deyil. Amma çərçivədə pis deyil. Bununla belə, hələ də "milli" stautusuna yüksələ bilmir. Üçüncü qapıçı Şahin Zəkiyevin adına isə hələ ki, protokollarda rast gəlirik.

"Səbail" - Bir neçə il qabaq Emil Balayevə böyük ümidlər var idi. Hətta Almaniyaya, "Ayntraxt"ın düşərgəsinə gedən ili şəxsən mən "ilin futbolçusu" nominasiyasında oan səs vermişdik. Çox ümid edirdim ki, Almaniyada xeyli artırıb Avropa səviyyəli qapıçı olacaq. Amam təəssüf ki, hər şey əksinə oldu. Avropada özünü sübut edə bilməyən Balayev qayıdıb Azərbaycaan gəldi və "Qarabağ"la müqavilə bağladı. Orda da möhkəmlənə bilməyincə üz tutdu "Səbail"ə. Heç burda da bəzi hallarad əsas heyətdə yer almır. Elxan Əhmədov isə etiraf edək ki, milli səviyyəsinə çatamq üçün çox işləməlidir. 

"Kəpəz" - Əsas qpaıçı Sergey Litovçenko ukraynalıdır. Onun əvəzləyici Davud Kərimi yerli olsa da artıq 34 yaşı var. 23 yaşlı Tərlan Qasımzadənin istedadı osla da təəssüf ki, iki təcrübəli qapıçının kölgəsində itib batdı.

Gördüyünüz kimi, bütün klublarımızın heyətinə nəzər saldıq və heç birində elə bir qapıçı tapılmadı ki, yerli olsun, gənc olsun və əsas heyətdə dayansın. Demək ki, bu sahədə iş getmir, qapıçı yetişdirilmir. Bəs akademiyalar hara baxır, klublarda qapıçılaral işləyən məşqçilər nə iş görür, artıq bu sualın da cavabı məlum olub...

Anar XANLAROV

Rekord.az