2022-ci il, 6 may tarixi Azərbaycan futbolu üçün əlamətdar günlərdən birinə çevrildi.

 Çünki bu gün AFFA Lisenziya Komissiyasının qərarı ilə iki bölgə klubuna - "Kəpəz" və "Turan Tovuz"a uzun müddətdən sonra yenidən Premyer Liqada iştirak etməkçün lisenziya verildi. Bu o deməkdir ki, növbəti mövsümdən elitada 10 komanda mübarizə aparacaq.

Adıçəkilən klubların Premyer Liqaya yüksələcəyi əvvəldən də gözlənilirdi. Bunun rəsmiləşməsi isə Gəncə və Tovuzda bayram ab-havası yaradıb. Baş məşqçilər, futbolçular, azarkeşlər - bir sözlə, hər iki klub ictimaiyyətində böyük sevinc var.

Bu münasibətlə təəssüratlarını almaq üçün əyalət təmsilçilərinin baş məşqçilərinə tribuna verdik. Hər iki çalışdırıcını təbrik edib, fikirlərini öyrəndik.

Tovuz klubunun Müşahidə Şurasının üzvü və baş məşqçisi Əfqan Talıbovun təəssüratları belə oldu:

"Sevincimizin həddi-hüdudu yoxdur. Bu, mənim üçün ikiqat əlamətdar hadisədir. Çünki 2013-cü ilin mayında komandayla Birinci Diviziona yuvarlananda bildirmişdim ki, qismət olsa, yenidən "Turan Tovuz"la Premyer Liqaya qayıdarıq. Bu da Allahın mənə bəxş etdiyi qismətdir. Premyer Liqaya hazırlaşmağımız, çalışmalar sonranın işidir. Buna klub rəhbərliyi ilə birgə qərar verəcəyik. İndiki halda təəssüratlarımız budur ki, qərb bölgəsində böyük bir bayramdır. Uzun çəkən həsrətdən sonra arzularımız çin oldu. Axır ki, qərb bölgəsinin futbolu böyük ailəyə qayıtdı. Ümid edirik ki, "Turan Tovuz"la "Kəpəz"in yenidən Premyer Liqaya yüksəlməsi Azərbaycan futbolunun inkişafına böyük təkan verəcək. Bu münasibətlə azarkeşlərimizi ürəkdən təbrik edirəm. Fanatlar yenidən doğma meydanda "Qarabağ", "Neftçi" kimi klubları görəcək, oyunlara canlı tamaşa edəcəklər. Futbol ab-havası, ajiotaj geri qayıdacaq. Elitada oynamaq istəyən futbolçularımızın arzusu yerinə yetəcək. Bu sevinci bizə yaşadanlara təşəkkür edirik. Biz də çalışacağıq ki, əlimizdən gələni edək və qərb bölgəsini Azərbaycan futbolunda yenidən layiqincə təmsil edək".

"Kəpəz"in çalışdırıcısı Yaşar Vahabzadə isə bunları söylədi:

"Çox sevindik, xoş təəssüratlar içindəyik. Futbolun bölgələrə qayıtması, Premyer Liqada komanda sayının artırılması müstəsna hadisədir. Bu, Azərbaycan futbolunun inkişafına böyük töhfələr verəcək. Bu mənada birinci növbədə gəncəli azarkeşləri təbrik edirəm. Onlar uzun müdətdir ki, bunu gözləyirdilər və bu gün arzuları reallığa çevrildi. Bütün komandamızı, fanatları təbrik edir, bizə dəstək olan hər kəsə öz təşəkkürümü bildirirəm. "Kəpəz"ə uğurlar arzulayıram".

DAŞQIN ƏZİZ