"Geriyə baxsaq, qarşıdakı oyunlarda uğur qazana bilmərik".

Bu sözləri Offsideplus.az-a açıqlamasında "Şamaxı" klubunun kapitanı Şəhriyar Əliyev deyib.

O, "Qarabağ"a 0:8 hesabı ilə uduzduqları oyun haqda bunları danışıb:

"Çox ağır oyun keçirdik. Acı məğlubiyyət aldıq. "Qarabağ" kimi komandaya qarşı boşluq vermək olmaz. Onların heyətində usta futbolçular var. Bu oyunu unudub, yeni səhifə açmaq istəyirik".

29 yaşlı müdafiəçi sabah Premyer Liqanın 24-cü turunda keçiriləcək "Sabah"la oyun haqda da danışıb:

"Sabah bizim üçün çətin oyun olacaq. Çünki "Sabah" avrokuboklara getmək üçün mübarizə aparır və şansı da var. Onlar da sona kimi döyüşəcəklər. Qalib gəlib, "Qarabağ"la məğlubiyyəti unutdurmaq istəyirik".

Əliyev komandada qalıb-qalmaması barədə də danışıb:

"Bəli, müqaviləm mayda başa çatır. Hazırda qarşıda olan 5 oyunu düşünürük. Daha sonra sözləşmə haqda danışmaq olar".

O, son olaraq xarici klubdan təklif aldığını da bildirib:

"Bəli, təklif qışda var idi. Bu işlərlə menecerim maraqlanırdı. Hazırda bütün diqqətimi komandaya yönəltmişəm".

Cavid Əliyev