Filip Ozobiç “Qarabağ”ın heyətində Premyer Liqada 30-cu qolunu vurub.

Offsideplus.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, yubiley topu 23-cü turun “Şamaxı” ilə matçına təsadüf edib. 

8:0 hesablı qələbəyə dublla töhfə verən yarımmüdafiəçi öncə 30-cu, ardınca 31-ci qoluna imza atıb. O, “Qarabağ”da keçirdiyi 70-ci çempionat matçında buna nail olub. Ozobiç Ağdam klubunun tarixinə ölkə çempionatında 30 və daha çox qol vuran 9-cu oyunçu kimi düşüb. Mütləq rekord 109 dəfə fərqlənən Müşfiq Hüseynova məxsusdur.

Nəzərinizə çatdıraq ki, Filip 2018/19 mövsümündə 9, 2019/20 mövsümündə 1, 2020/21 mövsümündə 11, cari çempionatda 10 dəfə fərqlənib.