“Son oyunlarda uğurlu seriyamız vardı. Qol buraxmadan ardıcıl qələbələr qazanırdıq. Bu oyunda uğurlu seriyanı davam etdirmək istəyirdik".

 Offsideplus.az xəbər verir ki, bu sözləri qadınlardan ibarət yığma komandanın baş məşqçisi Siyasət Əsgərov dünya çempionatının seçmə mərhələsində Bosniya və Herseqovina ilə keçirilən oyundan sonra mətbuat konfransında deyib. O, matçı belə şərh edib:

 "Komandam xal qazanmaq üçün hər şey etdi. Hesab edirəm ki, nəticə oyuna görə olmadı. Ən ədalətli nəticə bərabərlik idi. Təəssüf ki, ani diqqətsizlikdən 90+4-cü dəqiqədə qol buraxdıq. Əldə etdiyimiz qol imkanlarını dəyərləndirsəydik hesab fərqli olacaqdı. Məğlub olmağımıza baxmayaraq, komandamın mübarizə əzmi, nümayiş etdirdiyi futbol, ortaya qoyduğu xarakter məni qane etdi”.