"Qarabağ"a qarşı mübarizə aparmaq çətin idi".

Offsideplus.az xəbər verir ki, bunu "Səbail"in baş məşqçisi Aftandil Hacıyev səfərdə "Qarabağ"a 1:5 hesabı ilə uduzduqları Premyer Liqanın XXI tur oyunundan sonra deyib.

41 yaşlı mütəxəssis matçın rəqibin üstünlüyü şəraitində keçdiyini bildirib: "Bu gün əsasən səhvsiz oynamaq istəyirdik. Rəqib cari mövsüm yeganə məğlubiyyətləri bizdən alıb. Amma həmin dövrlə indiki arasında fərq var. Həm rəqib tamamilə çempionata köklənib, həm də bizdə zədəlilər çoxdur. "Qarabağ" hazırda ən yaxşı formada olan komandadır".

Hacıyev buraxılan erkən qolun böyükhesablı məğlubiyyətə gətirib çıxardığını söyləyib: "Qarabağ" bundan əvvəlki görüşlərdə də bu cür qələbələr əldə edib. Amma bunlar bəhanə deyil. Hazırda bizi düşündürən komandanın növbəti mövsümə daha yaxşı hazırlaşmasıdır. Bu barədə düşünməliyik. Hər oyun heyətimizdə kifayət qədər dəyişikliklər olur. Meydanda hər oyunçunu görmək istəyirik. Pozitiv nəsə demək çətindir. Məğlubiyyət bizi üzür. Qarşıda daha bir dövrə var. Turnir cədvəlində bizə yaxın rəqib "Sumqayıt"dır. Rəqabətdən geri qalmamağa çalışacağıq. Ən azından sonuncu pillədən qurtulmağa çalışacağıq".

O, "Səbail"dən heç bir futbolçunun Azərbaycan millisinə dəvət almamasına da toxunub: "Hazırda yığmanın əsasını ilk "dördlük"də qərarlaşmış komandaların oyunçuları təşkil edir. Bu baxımdan heç kimin çağırılmaması normaldır. Komandamızdan kimlərin milliyə layiq olub-olmadığını açıqlamaq istəmirəm. Amma orada çox futbolçu ilə təmsil olunmaq istərdik".(report.az)