Xəbər verdiyimiz kimi, Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi təlim-məşq toplanışı ilə əlaqədar yığmaya 25 futbolçu dəvət edib.

Bəzi oyunçuların heyətdə yer almaması isə futbol ictimaiyyətində müzakirələrə səbəb olub.

Belə futbolçulardan biri də "Qəbələ"də bu mövsüm yaxşı oyun sərgiləyən Rövlan Muradovdur.

23 yaşlı oyunçu məsələylə bağlı Offsideplus.az-a açıqlamasında bunları dedi:

"Şansımı gözləyirəm. Qismət olar, çağrılaram. Vətənə və bayrağa görə əlimdən gələni etməyə hazıram. Canni de Byazi bu məsələylə bağlı mənimlə söhbət edib. Onun yazdığı mesaj mənə daha da stimul verdi. Təklif gözləyirdim. Açığı, milliyə dəvət almamaq mənə təsir etdi. Amma bu, daha da güclənməyimə şərait yaradır. Məşqçinin də fikrinə hörmətlə yanaşıram".

Xatırladaq ki, Azərbaycan yığması martın 25-də Malta, 4 gün sonra isə Latviya ilə yoldaşlıq oyunlarında üz-üzə gələcək. Hər iki görüş Maltadakı Milli Stadionda keçiriləcək.

Cavid Əliyev