"Rəqiblə müqayisədə bir gün az dincəldik. Meydanda futbolçular tapşırıqları maksimum yerinə yetirməyə çalışdılar. Fərdi səhvlərdən iki qol buraxdıq".

Offsideplus.az xəbər verir ki, bunu "Səbail"in baş məşqçisi Aftandil Hacıyev səfərdə "Neftçi"yə 0:2 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.

41 yaşlı mütəxəssis bildirib ki, səhvlər rəqibin qələbə qazanmasına şərait yaradıb: "Bu il fərqli "Neftçi" izləyirik. Meydanda daha intizamlıdırlar. İlk yarıda hər iki kollektiv daha ehtiyatlı davrandı. Fasilədən sonra rəqib təzyiqi daha da artırdı. Bu da nəticəni müəyyənləşdirdi".

O. meydana xal qazanmaq üçün çıxdıqlarını söyləyib: "Təəssüf ki, alınmadı. Mövqeyimiz bəllidir. Nə qədər mübarizə apara biləcəyiksə, bunu etməyə çalışacağıq. Futbolçuların istəyi məni qane etdi. Daha yaxşı mövqeyə yalnız əzmkarlıqla qalxa bilərik. Ustalıq baxımından rəqiblərdən geri qalırıq. Hər tur rəqiblərə belə müqavimət göstərməyə çalışacağıq".

Hacıyev yeni mövsümdən iddialı olmaları barədə yayılan xəbərlərə də münasibət bildirib: "Bu barədə danışmaq tezdir. Amma bir hərəkətlilik var, rəhbərlik səviyyəsində görüşlər olub. Bir istək var. Belə görüşlər tez-tez olacaq. Növbəti mövsümə daha yaxşı “Səbail” hazırlamaq üçün əlimizdən gələni edəcəyik. Növbəti mövsüm barədə dəqiq bir şey demək olmaz.

Baş məşqçi “ASCO Arena”nın ot örtüyünün yaxşı olmamasına da toxunub: "Bütün futbol ictimaiyyəti bundan narazılığını bildirib. Ən çox əziyyət çəkən də bizim futbolçulardır. Göz görə-görə onları istismar etmək istəmirik. Gənc oyunçuların gələcəyini düşünməliyik. Ona görə də bəzi məşqləri Bakı Olimpiya Stadionunda keçiririk".(https://report.az)