Azərbaycan Premyer Liqasının 16-cı turunda keçirilən "Neftçi" - "Keşlə" matçından (3:1) qonaqların baş məşqçisi Sənan Qurbanov mətbuat konfransına qatılıb.

Offsideplus.az xəbər verir ki, mütəxəssis oyunla bağlı bunları deyib:

"Neftçi" ilə səfərdə oynamaq asan deyil. Bu həftə çalışdıq ki, futbolçuları toparlayaq. Oyuna istədiyimiz kimi başladıq. Futbolçular üzərinə düşən vəzifəni çalışdılar ki, yerinə yetirsinlər. Məğlubiyyətimizi necə başa düşəcəksiniz bilmirəm, amma oyunumuzda inkişaf var. Artıq nəticə qazanmağın vaxtıdır. Komanda şəklində müdafiə olunmağa çalışırıq. Amma bəzən rəqibin futbolçusu elə qol vurur ki, ustalıq səviyyəsi özünü göstərir. Əlimizdə olan oyunçulardan maksimum istifadə etməliyik".

Qurbanov, müdafiəçi Şəhriyar Əliyevin əvəzləndikdən sonra birbaşa paltardəyişmə otağına yollanmasına belə münasibət bildirib:

“Nizam-intizam qaydaları ilə bağlı problemimiz yoxdur. Heç bir futbolçu əvəzlənməyi sevmir. Şəhriyar Əliyev də təcrübəli futbolçumuzdur. Şəhriyar inandığımız oyunçudur. Qış toplanışında bizimlə birlikdə olmadı. Hər dəfə əvəzləyəndə psixoloji cəhətdən təsir edə bilər. Ancaq onun formaya düşməsinə çalışacağıq. Yenə də heç kimin ab-havanı pozmağa ixtiyarı yoxdur”.

O, istefası ilə bağlı verilən suala belə cavab verib:

"İstefa rəhbərliyə aid olan məsələdir. Rəhbərliyin mənə belə göstərişi olmayıb. Mən peşəkaram və öz işimi görürəm. Oynadığımız komandalardan maliyyə və heyət baxımından üstün deyilik. Nə qərar verilsə, hörmətlə yanaşacağam".