"Turniri layiqli şəkildə tərk edirik".

Offsideplus.az xəbər verir ki, bunu "Səbail"in baş məşqçisi Aftandil Hacıyev evdə "Zirə"yə 1:3 hesabı ilə uduzduqları Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunundan sonra deyib.

41 yaşlı mütəxəssis bildirib ki, ilk dəqiqələrdə qol vurduqdan sonra gedişatı dəyişə bilərdilər: "Planımız yaxşı alındı. İlk qoldan sonra 2-3-cü qolları vura bilərdik. Amma "Zirə" təzyiq altında usta futbolçuları ilə oyunu ələ aldı. Bu gün bacardıqlarımızı ortaya qoya bildik. Hesab rəqibin xeyrinə dəyişdikdən sonra işimiz çətinləşdi. Planlarımız pozuldu. İtkilərimiz var idi. Amma futbolçuların məğlub olmamaq istəyi məni razı saldı".

Hacıyevin sözlərinə görə, oyunçu dəyişikliyi etməyə imkanı yoxdur: "Futbolçular üçün ardıcıl olaraq süni örtükdə oynamaq asan deyil. Bu matçı ciddiyə almışdıq. Bu gün gənc futbolçularımız özlərini yaxş tərəfdən göstərdilər. Onları gələcək matçlarda da meydanda görəcəksiniz".

"Zirə"nin məşqçisi Vaqif Paşayev isə ilk matçdakı darmadağına baxmayaraq, arxayınlaşmadıqlarını söyləyib: "Uşaqlara bu barədə demişdik. Sağ olsunlar, tapşırıqları yerinə yetirdilər. Külək bizə mane olsa, yaxşı mübarizə apardıq".

Yeni transferlərin çıxışına da toxunan mütəxəssis onların yaxşı futbolçular olduğunu vurğulayıb: "Getdikcə, daha yaxşı olacaqlar".

Paşayev yarımfinalda "Neftçi"yə rəqib olmalarına da toxunub: "Mümkün olduğu qədər irəli gedəcəyik. Rəqibin kimliyindən asılı olmayaraq oynayacağıq".

Mənbə: https://report.az