“Sumqayıt”ın yeni baş məşqçisi Nazim Süleymanov Qol.az-a müsahibə verib.

Dünən “gənclik şəhəri” təmsilçisi ilə 2 illik müqavilə bağlayan təcrübəli mütəxəssis təyinatın təfərrüatlarını açıqlayıb.

- Əvvəlcə təyinatınız münasibətilə sizi təbrik edirəm. Maraqlıdır, “Sumqayıt”ın baş məşqçisi olmaqla bağlı təklifi necə və kimdən gəldi?

- Təklif klubun prezidentdindən gəldi. Bir neçə gün görüşdük, müzakirə etdik, dünən isə reallaşdı.

- “Sumqayıt”ın sükanı arxasına keçəcəyinizlə bağlı söhbət çoxdan var idi. Özünüz də qeyd etdiniz ki, bir neçə görüşdən sonra təyinat gerçəkləşdi. Gecikməyə səbəb nə oldu? Daha çox hansı məsələdə ortaq məxrəcə gələ bilmirdiniz?

- Bir çox məsələlər müzakirə olundu. Daha çox komanda, futbolçular haqda danışdıq. Məşqçilər korpusu haqda söhbətlərimiz oldu. Ümumiyyətlə, kluba aid nə varsa, klubun prezidenti ilə danışdıq.

- “Sumqayıt”la 2 illik müqavilə imzaladınız. İlk mövsüm üçün qarşısınıza hansı hədəflər qoyuldu?

- Bilirik ki, “Sumqayıt” yaxşı komandadır. Ötən mövsüm də yaxşı oyun sərgiləyib. Sadəcə, mövsümün son matçlarında hansısa səbəblərdən zəif çıxış etdi və Avroliqaya vəsiqə qazana bilmədi. Amma komanda avrokuboklara getməyə layiq idi. Yeni mövsümdə də əsas hədəfimiz bu olacaq.

 

- Sizi həmişə öz sözünü deməyi bacaran, işinə müdaxiləyə imkan verməyən məşqçi kimi tanımışıq. Mövsümün sonlarında “Sumqayıt”la bağlı bəzi xoşagəlməz söz-söhbətlər yayıldı. Hətta komandanın Avroliqaya düşə bilməməsində AFFA-nı günahlandıranlar da oldu. Bütün bunları nəzərə alsaq, bu cür şəraitdə işləməyə hazırsınız?

- Başa düşmədim, AFFA klubu avrokuboklara niyə buraxmasın ki? Komanda oynayırsa, niyə vəsiqə qazanmasın? Onların yerinə meydanda AFFA oynamır ki. Bəlkə AFFA oynayır? Komanda oynayır. Gərək, yaxşı çıxış etsin,öz yerini tutsun.

- Mətbuatda Elvin Məmmədovla Əfran İsmayılovun “Sumqayıt”la anlaşdığı yazılıb. Bu, nə dərəcədə doğru məlumatdır?

- Mənə elə gəlir ki, siz jurnalistlər çox informasiyaya maliksiniz. Gəlin, belə deyək. Sizin adlarını çəkdiyiniz futbolçuları hər bir komanda öz heyətində görmək istəyər. Elə təcrübəli oyunçuların olması yaxşı haldır.

- Bunu cavabınızı həmin məlumatların təsdiqi kimi qəbul edək?

- Yenə deyirəm, “Sumqayıt”da elə futbolçuların olması mənim üçün çox xoşdur.