"Oyundan əvvəl də demişdim ki, son matçı nəzərə almasaq, "Sabah" klubu uğurlu seriyanı davam etdirir. Bizim üçün çətin olacağını bilirdik. Oyun da göstərdi ki, ilk hissədə biz müəyyən qədər istədiyimizə nail olduq. Amma 2-ci hissədə müdafiədə etdiyimiz səhvlər baha başa gəldi".

Offsideplus.az xəbər verir ki, bu sözləri "Kəpəz"in baş məşqçisi Yaşar Vahabzadə Azərbaycan kubokunun 1/8 finalında "Sabah"a 0:3 hesabı ilə uduzduqları oyundan sonra deyib.

"Rəqib futbolçuların ustalığını qeyd etmək lazımdır. Onların səviyyəsi bizim oyunçulardan üstündür. Bu da oyunda öz əksini tapdı. Rəqibi təbrik edirəm. Biz də yolumuza davam edirik. Qarşıda çempionat oyunlarımız var. Bu matçı unudub çempionata hazırlaşmaq lazımdır" - deyə o bildirib.

Y.Vahabzadə birinci divizionda olan limitin bir məşqçi kimi işinə mane olub-olmaması ilə bağlı söyləyib: "23-24 yaşlı futbolçular limitə uyğun olsa, l Divizionda mübarizə bir az da maraqlı olar. Ötən illə müqayisədə limit bir az dəyişdirildi. Hər komanda heyətə bir neçə təcrübəli futbolçu cəlb edə bildi. Ona görə də çempionat maraqlı gedir. Limit bir az da dəyişdirilsə, mənə elə gəlir ki, oyunlar bir az da baxımlı olar. Komandalar arasında rəqabət olanda futbolçular da inkişaf edir".

Mənbə: qol.az